AZƏRTAC Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2018-ci ilin yekunları ilə bağlı məqaləsini yayıb. İlk hissəsi fevralın 7-də yayılan məqalədə bildirilir ki, ötən il prezident İlham Əliyev ölkənin 24 rayon və şəhərinə 26 səfər edib, 100-ə yaxın yeni sosial-iqtisadi infrastruktur obyektinin açılışına qatılıb: “Bu obyektlər arasında Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Mingəçevir, Sumqayıt, Ağcabədi, Ağdam, Bərdə, Biləsuvar, Goranboy, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Quba, Masallı, Şamaxı, digər şəhər və rayonlarda istifadəyə verilmiş sənaye məhəllələrini və parklarını, müxtəlif zavodları, yüngül sənaye müəssisələrini qeyd etmək vacibdir. Ölkədə infrastruktur obyektlərinin ildən-ilə çoxalması, sənayenin inkişafı üçün zəruri olan enerji təchizatı, meliorasiya və su təsərrüfatı, nəqliyyat, rabitə, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin, yeni sənaye sahələrinin yaradılması böyük əhəmiyyət kəsb edir”.
Novator.az-ın məlumatına görə, şöbə müdiri yazır ki, 2018-ci ildə 2 min kilometr avtomobil yolu çəkilib, 140-dan çox məktəb, bir neçə mərkəzi xəstəxana binası tikilib istifadəyə verilib, ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub, ümumi daxili məhsul 1,4 faiz, kənd təsərrüfatı istehsalı 4,6 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, o cümlədən qeyri-neft sektorunda sənaye istehsalı 9,1 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb, sahibkarlara 160 milyon manat kredit verilib, 118 min daimi iş yeri yaradılıb.
Məqaləyə görə, ötən il dövlət başçısı 428 qanun, 617 fərman, 1055 sərəncam imzalayıb: “69 sərəncamla prezidentin ehtiyat fondundan ayrılan 329 milyon manat vəsaitlə 41 şəhər və rayonda abadlıq-quruculuq işləri görülüb, sosial iaşə obyektləri tikilib, 22 şəhər və rayonda əsaslı yenidənqurma işləri aparılıb, 13 rayonda yeni təhsil ocaqlarının inşasına başlanıb, 6 rayonda isə yeni yollar və körpülər tikilib”.