Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub.
Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından fevralın 6-na keçən gecədən “mavi yanacağ”ın verilişi dayandırılıb.
İlkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlərdə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib.
Təcili yardıma 30 müraciət daxil olub, 3 nəfər travmatologiya şöbəsinə çatdırılıb. Bir nəfərə qolun sınığı, digər iki nəfərə ayaqlarının əzilməsi diaqnozu qoyulub. Digər çağırışlar həyəcandan təzyiqi qalxan şəxslərlə bağlı olub. Onlara tibbi yardım göstərilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi hazırda dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçirirlər.
Nazir Report.az-a açıqlamasında deyib ki, prezident İlham Əliyev zəlzələnin fəsadlarının araşdırılması və aradan qaldırılması ilə bağlı tapşırıq verib: “Dövlət başçısının tapşırığına əsasən, Ağsu, İsmayıllı və Şamaxı rayonlarında işlər aparılacaq. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri bu işdə yaxından iştirak edəcəklər. Şamaxı sakinləri bu hadisəni böyük təşvişlə qarşılamayıblar, çünki buna ehtiyac da yox idi. Əhali qorxmadan yanaşıb. Rayon icra hakimiyyətinin əməkdaşları da sakinlərə vaxtında kömək edib və lazımi yerlərdə yerləşdirməyə şərait yaradıblar. Qəzalı vəziyyətdə olan evlərin sakinləri başqa evlərdə müvəqqəti yerləşdiriləcək. Qəzalı evlərin təmir-bərpa işlərinə dövlət yardım edəcək”.
Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, fevralın 5-i saat 23:19-da Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss edilib.
Saat 23:37-də Ağsu ərazisində 3,4 bal gücündə başqa bir zəlzələ baş verib. Episentrdə 3 bala qədər hiss olunan zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti bildirir ki, saat 23:31 radələrində Bakı şəhərinin bəzi ərazilərində yeraltı təkanlar hiss edilib.
İsmayıllı rayonu ərazisində saat 23:20 və 23:32-də iki yeraltı təkan qeydə alınıb. 5,1 ballıq zəlzələnin episentri Basqal kəndindən 5 kilometr şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bala çatıb. Zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib. Birinci təkan qısamüddətli, ikinci təkan nisbətən uzunmüddətli olub.
Fevralın 6-da İsmayıllı rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:34-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb. Saat 04:25-də İsmayıllı ərazisində 3,9 bal gücündə daha bir zəlzələ olub.