AZƏRTAC Şamaxıdakı vəziyyət barədə yeni məlumat yayıb.
Fevralın 5-i saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub. Şamaxı Rayon Fövqəladə Hallar Komissiyası bildirir ki, ilkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlərdə 25, şəhərdə 17 evdə dağıntı baş verib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçiriblər.
Fevralın 5-i saat 23:19-da Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bala yaxın hiss edilib.
Saat 23:37-də Ağsu ərazisində 3,4 bal gücündə başqa bir zəlzələ baş verib.
İsmayıllı rayonu ərazisində saat 23:20 və 23:32-də iki yeraltı təkan qeydə alınıb. Zəlzələlər Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Fevralın 6-da İsmayıllı rayonunun ərazisində əvvəl 3 bal, sonra 3,9 bal gücündə yeni zəlzələlər olub.