Fevralın 4-ü “Yeni Müsavat” qəzetinin redaksiyasında deputatlar, jurnalistlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mətbuatın qorunub saxlanmasının yolları müzakirə olunub. Tədbirdə “Yeni Müsavat”a abunə marafonuna da start verilib.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu çap mediasını qoruyub saxlamağın zəruri olduğunu deyib, bunun üçün oxucuları “Yeni Müsavat” qəzetinin abunə kampaniyasına qoşulmağa çağırıb.
Deputatlar Fəzail Ağamalı, Fazil Mustafa, Çingiz Qənizadə, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın üzvləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı, jurnalist İlhamiyyə Rza, hüquqşünaslar Sahib Məmmədov, Əliməmməd Nuriyev və başqaları qəzetləri, o cümlədən “Yeni Müsavat”ı qorumaq üçün öz təkliflərini səsləndiriblər.
Tədbirin sonunda iştirakçılar “Yeni Müsavat”a abunə yazılıblar.
Abunə kampaniyası davam edir.
Novator.az xatırladır ki, yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişib. Yeniliyə əsasən, maliyyə müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.
Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tələb tirajın minimum 3000 nüsxə, satış və abunənin isə minimum 1500 nüsxə olmasıdır.
Hər nəşrin layihəsi üçün maksimum 60 min manat ayrılması təklif olunub.
Bu qərar elan olunandan sonra “Bizim yol” qəzeti çapını dayandırıb. “Ekspress” qəzeti isə ilin əvvəlindən fəaliyyətinə xitam verib.