Ukrayna Mərkəzi Seçki Komissiyası prezidentliyə iddiaçılardan sənədlərin qəbulunu başa çatdırıb. Novator.az-ın məlumatına görə, qanunla müəyyən olunmuş sonuncu gün – fevralın 3-də dövlət başçısı Pyotr Poroşenko sənədlərini komissiyaya təqdim edib.
Martın 31-də keçiriləcək prezident seçkisinə 35 yaşa çatan, son 10 ildə Ukraynada daimi yaşayan və dövlət dilini bilən ölkə vətəndaşları qatıla bilər.
Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.
1965-ci il sentyabrın 26-da Odessa vilayətində doğulan Pyotr Poroşenko Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.
1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.
2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub.
1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.
31 mart seçkisində hələlik 28 rəsmi namizəd var: İqor Şevçenko, Andrey Sadovıy, Valentin Nalivayçenko, Sergey Kaplin, Vitali Skotsik, Anatoli Qritsenko, Yevgeni Murayev, Vitali Kupriy, Olqa Boqomolets, Aleksandr Şevçenko, Gennadi Balaşov, Roman Nəsirov, Yuri Boyko, Yuliya Timoşenko, Oleq Lyaşko, Aleksandr Moroz, Aleksandr Vilkul, Dmitri Dobrodomov, Arkadi Kornatski, Ruslan Koşulinski, Aleksandr Danilyuk, İlya Kiva, Sergey Taruta, İqor Smeşko, İnna Boqoslovskaya, Vladimir Zelenski, Yuri Derevyanko, Nikolay Qaber.