Gənclərə tövsiyələr
- 04 Fevral 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Fevralın 1-i Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantıda çıxış edən prezident İlham Əliyev Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildə başlandığını vurğulayıb, o vaxt özünün də 32 yaşlı gənc olduğunu xatırladıb.
Gənclik illərindən danışan dövlət başçısı qeyd edib ki, 1977-ci ildə Bakıda orta məktəbi bitirəndən sonra Moskvaya oxumağa gedib: “Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldum. Beş il orada təhsil aldım, ondan sonra üç il aspiranturada oxudum, dissertasiya müdafiə etdim və institutda dərs deməyə başlayanda 23 yaşım var idi. İşimdən də çox razı idim. Mənim işimə heç bir irad yox idi, ta 1990-cı ilə qədər. Həmin il xalqımıza qarşı qanlı cinayət törədildi, Qanlı Yanvar faciəsi baş verdi.
O vaxt atam Heydər Əliyev təqaüdçü idi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz səsini bütün dünyaya çatdırdı. Mən də onun yanında idim. Orada mətbuat konfransı keçirdi və Sovet İttifaqını, Kommunist Partiyasını və onun rəhbərliyini qətiyyətlə pislədi, bu dəhşətli cinayəti bütün dünyaya çatdırdı. Çünki o vaxt bizim sözümüz dünyaya çatmırdı. Hələ Sovet İttifaqı dövrü idi. Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heydər Əliyev kimi tanınmış şəxsiyyətin bu məsələ ilə bağlı dediyi sözlər dərhal dünyaya çatdırıldı və dünya ictimaiyyəti bundan xəbər tutdu. Bu addım həm təbii, həm də çox cəsarətli idi. Çünki Azərbaycan xalqı, onun maraqları Heydər Əliyev üçün hər şeydən üstün idi. Bir daha bildirməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi və heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı nə vaxtsa dağılacaq. Yəni Heydər Əliyev sovet sistemini dərindən bilən insan kimi bu addımı şüurlu şəkildə atdı. Bilirdi ki, ona qarşı çox böyük təzyiqlər, təqiblər başlanacaq. Belə də oldu. Bizdə olan məlumata görə, Moskvada sovet rəhbərliyi onun çıxışından çox hiddətlənmişdi və göstəriş vermişdi ki, o həbs olunsun.
Biz müxtəlif yollarla çalışırdıq ki, o, Moskvadan Bakıya gəlsin. İndi tarixin bu səhifəsini tam açıqlamaq istəmirəm. Ancaq Bakıya gələ bildi. Lakin Bakıda da yaşamağa qoymadılar. Bakıda da ona qarşı çox böyük təzyiqlər göstərildi və o, Naxçıvana gedərək orada yaşamağa başladı. Bir müddətdən sonra xalq onu Naxçıvan Ali Məclisinin sədri vəzifəsinə seçdi.
Müstəqilliyə gedən yol məhz Naxçıvandan başladı. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi məhz Heydər Əliyev Naxçıvan parlamentində qaldırdı və təsis etdi. Azərbaycan Milli Məclisi, – o vaxt Ali Sovet adlandırılırdı, – qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin.
Mənim taleyimdə bundan sonra dəyişiklik baş verdi. Mən oxuduğum və dərs dediyim institutdan çıxarıldım. Mənim işimə heç bir irad yox idi. Məni işdən çıxaranda rəhbərlik belə də demişdi ki, Sizə bizim iradımız yoxdur. Ancaq Heydər Əliyev artıq Sovet İttifaqında düşmən kimi tanınır və düşmənin oğlu belə institutda dərs deyə bilməz. Mənim üçün işsizlik dövrü başladı. Bir neçə ay işsiz qaldım. Müxtəlif yerlərdə iş axtarırdım, müraciət edirdim. Amma biləndə ki, Heydər Əliyevin oğluyam, əlbəttə ki, məni heç kim işə götürmürdü.
O vaxt Sovet İttifaqının tarixində iqtisadi sahədə müəyyən liberallıq da müşahidə olundu, özəl biznesə icazə verildi. Mən məcbur qalıb özəl bizneslə məşğul olmağa başladım. Qısa müddət ərzində çox uğurlu fəaliyyət göstərdim və öz həyatımı yenidən qurdum. İşimdən razı idim. O vaxt Moskvada yaranmaqda olan Azərbaycan icmalarının fəaliyyətinə dəstək verirdim. Yadımdadır ki, o vaxt Moskvada Azərbaycan Vətəndaş Assambleyası yaradılmışdı. O assambleyanın qurucularından biri də mənəm. Bir biznesmen kimi assambleyanın fəaliyyətinə ən çox maliyyə dəstəyi verən də mən olmuşam. O vaxt Moskvada Azərbaycan məktəbi təsis edilmişdi. Moskvada yaşayan azərbaycanlılardan o məktəbə ilk maliyyə dəstəyi verən də mən olmuşam.
Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar.
Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.
Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Nəyə görə?! Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.
İlham Əliyev deyib ki, gənclə iqtisadiyyatın müxtəlif sahələrində, dövlət təşkilatlarında işləyirlər: “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxıb. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin.
Gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılıb. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar və əlbəttə ki, gələcəkdə siz ölkəmizi idarə edəcəksiniz. Ona görə bir daha demək istəyirəm ki, ilk növbədə milli vətənpərvərlik yüksək səviyyədə olmalıdır. Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik eşqi ilə yaşayıb. Nəsillər gəlib-gedirdi, biz başqa ölkələrin tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.
Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılar ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm.
Ölkəmizdə daxili vəziyyət sabitdir. Daxili sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Biz görürük ki, dünyanın müxtəlif yerlərində sabitlik pozulanda çox böyük faciələr baş verir, o ölkələrin başına çox böyük bəlalar gətirilir. Biz görürük ki, ölkələr dağılır, milyonlarla insan həlak olur, qaçqın, köçkün vəziyyətinə düşür. Ona görə daxili sabitliyin qorunması hər birimizin əsas vəzifəsidir və bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir.
Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcək. Ünvanlı sosial yardım alanların da problemləri daim diqqət mərkəzindədir. Onlar hələ də öz imkanlarını özləri təmin edə bilmirlər. Ona görə təbiidir ki, Azərbaycan dövləti onlara dəstək göstərir. Onu da bildirməliyəm ki, Azərbaycan ünvanlı sosial yardım göstərən nadir ölkələrdəndir və bu, tam ədalətlidir. Biz çalışmalıyıq ki, hələ də öz maddi imkanlarını lazımi səviyyəyə qaldıra bilməyən vətəndaşlar dövlətdən dəstək alsınlar. Eyni zamanda bundan sonrakı dövrdə özünüməşğulluq proqramı da geniş vüsət alacaq və dövlət hələ də yaxşı vəziyyətdə yaşamayan vətəndaşları müxtəlif vasitələrlə, aktivlərlə təmin edəcək”.