Ramazan Muxtarlı məhbus jurnalist Əfqan Muxtarlının saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən şikayəti ictimailəşdirib.
Ramazan Əfqanın qardaşıdır.
O, Əfqana istinadla bildirib ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində istilik sutkada 4 saat, o da gecələr verilir: “Nəticədə məhbuslar arasında xəstəlik yayılıb, öskürək, qızdırma adi hala cevrilib. Müəssisədə tibbi xidmət yoxdur, imkanı olan məhbuslar öz hesablarına dərman alıb müalicə olunmağa calışırlar. Amma kameralar soyuq olduğundan müalicənin effekti olmur. Həm də dərman almaq hamının imkanı daxilində deyil. Müəssisə rəhbərliyi yaranmış vəziyyətin dəyişməsi yönündə heç bir tədbir görmür”.
Açıqlamada məhbuslara verilən yeməyin keyfiyyətsiz və yararsız olduğunu iddia edilir: “Dustaqlar lazımınca qida ilə təmin olunmurlar. Başqa bir problem məhbusların saxlanma şəraiti ilə bağlıdır. Bir yataq yerinə üç nəfər düşür. Məhbus çox, yataq yeri az. Yay aylarında məhbuslar dəhlizlərdə, yerdə yatırdılar. İndi isə hamı kameralara dolub, yer çatmadığından növbə ilə yatırlar. Bu da sutka ərzində 4 saat yuxu deməkdir”.
Ramazan Muxtarlı qardaşının ailə üzvləri ilə telefon danışığına məhdudiyyət qoyulduğunu da deyib: “Əfqanın mühacirətdə yaşayan həyat yoldaşı Leyla Mustafayeva ilə telefon əlaqəsi saxlamasına məhdudiyyət qoyulub. Telefon xəttinin “Aztelecom”a borcu olduğuna görə xaricə çıxışının bağlandığını bildiriblər. Amma borc barədə “Aztelecom”dan heç bir bildiriş gəlməyib. Əslində məqsəd Əfqan Muxtarlının Leyla Mustafayeva ilə əlaqəsini kəsməkdir. Çünki Leyla xanım müəssisədə baş verən hadisələri beynəlxalq miqyasda işıqlandırır, mətbuata məlumatlar verir”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan.tv-yə açıqlamasında 16 saylı Cəzaçəkmə Müəssisəsində istiliyin sutkada 4 saat verildiyini təkzib edib. O deyib ki, cəzaçəkmə müəssisəsində kombi sistemi quraşdırılıb və fasiləsiz istilik verilir.
Mehman Sadıqov qidaların keyfiyyətsiz olması haqda deyilənləri də doğru saymır: “Hətta diabetli xəstələr üçün ayrıca qida verilir”.
Şöbə rəisi bildirib ki, məhbusların çox olması barədə fikirlərlə razı deyil: “Orda saxlanılan məhbusların sayı saxlanma limitindən qat-qat aşağıdır”.
Penitensiar Xidmətin sözçüsü Əfqan Muxtarlının telefon danışıqlarına heç bir qadağa qoyulmadığını da vurğulayıb.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.
2019-cu ilin yanvarında Leyla Mustafayeva Əfqan Muxtarlının bir neçə şikayətini, o cümlədən ədliyyə naziri Fikrət Məmmədova müraciətini ictimailəşdirib.
Əfqan Muxtarlının işi: nə baş verir?
Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar
Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi
Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat
Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “Detallar aşkara çıxarılacaq”
Bakıda məhkəmə, Gürcüstan parlamentində aksiya
Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?
“Sərhədsiz reportyorlar” həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırır
Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır
Əfqan Muxtarlının işi: görüntülər görünmür
Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib
Əfqan Muxtarlının işi: şikayətlərə baxılıb
Əfqan Muxtarlı hakimə nə deyib?
Əfqan 110 manat 95 qəpik ödəyəcək
Əfqan Muxtarlının Gürcüstana müraciəti
Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi
Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…
Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub
Əfqan Muxtarlının işi: ibtidai istintaq başa çatdı
Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub
Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə
Əfqan Muxtarlının məhkəməsi: şahidlər nəyi bilmirlər?
Əfqanı buraxmaq vəsatəti təmin olunmadı
Əfqanı buraxmaq xahişinə cavab gəlib
Jurnalistin şikayəti üzrə qismən məhkəmə istintaqı aparılacaq
Məhbus jurnalistin şikayətinə baxılır
Məhbus jurnalistin şikayəti təmin olunmadı
Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürülüb