Azərbaycan Xalq Hərəkatının lideri İsgəndər Həmidov, hərəkatın üzvləri Azad Lətifov və Ramazan İsayev aclıq aksiyasına başladıqlarını elan ediblər.
Novator.az-ın məlumatına görə, İsgəndər Həmidov sosial şəbəkədə jurnalist Əvəz Zeynallıya deyib ki, onlar bu aksiya ilə 16 yaşlı Şirvan sakini Sehranə Quliyevanın polisə qanunsuz aparılmasına etiraz edirlər və hakimiyyətdən qanunsuzluğa son qoyulmasını istəyirlər.
Tələb yerinə yetirilməsə aksiyanın növbəli şəkildə davam etdiriləcəyi, hazırda aclıq edənləri bir sutka sonra 3 nəfərin əvəzləyəcəyi vurğulanır.
Aksiya Gələcək Azərbaycan Partiyasının qərargahında keçirilir.
Sehranə Quliyevanın polisə aparılması hadisənin təfərrüatı və səbəbi hələlik mediaya bəlli deyil.
Azərbaycan Xalq Hərəkatı yanvarın 26-da sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaradılıb. Quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.
1948-ci il təvəllüdlü İsgəndər Həmidov iqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər naziri postunu tutub. 1995-2003-cü illərdə həbsdə yatıb.