“Bizim yol” qəzeti çap versiyasını dayandırıb. Bunu qəzetin baş redaktoru Bahəddin Həziyev yanvarın 31-i axşam bəyan edib. O qeyd edib ki, çap mediası dərin oxucu böhranı keçirir: “Qəzetin çap variantını dayandırmaq bizim üçün asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq çətindir. Ancaq qərar vermək durumundaydıq. Çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə yoxdur. Qəzet satışı getdikcə azalır, qəzet rentabelli deyil.
Real vaxt rejimində, onlayn işləyən media daha effektivdir. Bizim qəzetin internet versiyası (Bizimyol.info) populyardır, ancaq onu daha da inkişaf etdirmək əzmindəyik. İmkanımız çatsa, çap versiyasını həftədə bir dəfə buraxmağı düşünürük. Alınmasa da, bunu faciə saymıram”.
21-ci əsrin ilk illərində təsis olunan “Bizim yol” qəzeti yanvarın 31-dək həftədə beş dəfə işıq üzü görürdü.
Novator.az xatırladır ki, yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi qaydalarını dəyişib. Yeniliyə əsasən, maliyyə müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.
Xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tələb tirajın minimum 3000 nüsxə, satış və abunənin isə minimum 1500 nüsxə olmasıdır.
Hər nəşrin layihəsi üçün maksimum 60 min manat ayrılması təklif olunub.
2019-cu ilin birinci rübü üzrə fond 32 qəzetə maliyyə yardımı ayırıb: “Kaspi”, “Yeni Azərbaycan”, “Səs”, “Mövqe”, “Ədalət”, “525-ci qəzet”, “Bakı xəbər”, “Yeni Müsavat”, “Kaspiy”, “Ekspress”, “Palitra” qəzetləri üçün 30 min manat, “Paralel”, “Həftə içi”, “Azad Azərbaycan”, “Şərq”, “Xalq Cəbhəsi”, “Futbol+qol”, “Bizim yol”, “Olaylar” qəzetləri üçün 20 min manat, “Novoye vremya”, “Futbol+”, “Üç nöqtə”, “Azernews” qəzetləri 15 min manat, “Unikal”, “Olimpiya dünyası”, “Oxu məni”, “Hürriyyət” qəzetləri üçün 10 min manat, “Reytinq”, “The Business Times”, “Hərbi and”, “Türküstan”, “İqtisadiyyat” qəzetləri üçün 4 min 500 manat.
Bu ilin əvvəlindən “Ekspress” qəzeti fəaliyyətini dayandırıb.