Yanvarın 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
İclasda müzakirə edilən əsas məsələ 2019-cu ilin ikinci rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi olub.
Novator.az-ın məlumatına görə, fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, ikinci rüb üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqəni fevralın 1-dən martın 28-dək 19 istiqamət üzrə keçiriləcək.
İcraçı direktor qeyd edib ki, dünyada internet media resursları sürətlə inkişaf edir, nəticədə çap mediası obyektiv səbəbdən problemlə üzləşib və bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərə də ehtiyac yaranıb.
Vüqar Səfərli vurğulayıb ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxmaq günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanına təklif olunan dəyişikliyə əsasən, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilər.
Vüqar Səfərli həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tələb tirajın minimum 3000 nüsxə, satış və abunənin isə minimum 1500 nüsxə olmasıdır.
Hər nəşrin layihəsi üçün maksimum 60 min manat ayrılması təklif olunub.
Müşahidə Şurasının üzvləri çap mediasının fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul olunub.
Müşahidə Şurası fondun fərdi jurnalist yazıları ilə bağlı keçirdiyi müsabiqədə də dəyişiklik edib: internet media resurslarında çalışan jurnalistlərin müsabiqəyə təqdim edəcəkləri yazıların qəzetlərdə dərci tələbi aradan qaldırılıb.
2019-un büdcəsində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu üçün 4 milyon 62,9 min manat nəzərdə tutulub.
İlin birinci rübü üzrə fond 32 qəzetə maliyyə yardımı ayırıb: “Kaspi”, “Yeni Azərbaycan”, “Səs”, “Mövqe”, “Ədalət”, “525-ci qəzet”, “Bakı xəbər”, “Yeni Müsavat”, “Kaspiy”, “Ekspress”, “Palitra” qəzetləri üçün 30 min manat, “Paralel”, “Həftə içi”, “Azad Azərbaycan”, “Şərq”, “Xalq Cəbhəsi”, “Futbol+qol”, “Bizim yol”, “Olaylar” qəzetləri üçün 20 min manat, “Novoye vremya”, “Futbol+”, “Üç nöqtə”, “Azernews” qəzetləri 15 min manat, “Unikal”, “Olimpiya dünyası”, “Oxu məni”, “Hürriyyət” qəzetləri üçün 10 min manat, “Reytinq”, “The Business Times”, “Hərbi and”, “Türküstan”, “İqtisadiyyat” qəzetləri üçün 4 min 500 manat.
32 redaksiyanın maliyyələşməsi fonda 612 min 500 manata başa gəlib.
Yanvarın 31-i Strateq.az saytının yaydığı məlumatda iddia olunur ki, fondun yeni qərarı bir çox qəzetin bağlanması ilə nəticələnəcək. Dövlət yardımından məhrum olacaq və fəaliyyətini dayandıracaq qəzetlərin sırasında “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftə içi”, “Bizim Yol”, “Olaylar”, “Üç nöqtə”, “Oxu məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi and”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetlərinin adları çəkilir.
“Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı xəbər” və “Novoe vremya” qəzetlərinin isə maliyyələşdirilməsi prosesinin davam edəcəyi bildirilir.
Bu ilin əvvəlindən “Ekspress” qəzeti fəaliyyətini dayandırıb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasına dövlət orqanlarından Cəmaləddin Quliyev (Prezident Administrasiyası), Rasim Həsənov (Ədliyyə Nazirliyi), İntiqam Hümbətov (Mədəniyyət Nazirliyi), kütləvi informasiya vasitələrindən Həsən Həsənov (“Xalq qəzeti”), İlqar Hüseynov (“Trend” İnformasiya Agentliyi), Bəhruz Quliyev (“Səs” qəzeti), jurnalist təşkilatlarından Ramiz Əskərov (Azərbaycan Jurnalistlər Birliyi), Ayaz Mirzəyev (“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi), Əvəz Rüstəmov (“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri) daxildir.
2009-cu il aprelin 3-də yaradılmış fonda Vüqar Səfərli həmin il mayın 22-dən icraçı direktorluq edir.