Yanvarın 30-u Qaradağ Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqbəylinin işi üzrə proses keçirilib.
Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Gənc fəala dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etmək ittihamı verilib.
İttihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.
Müdafiə tərəfi ittihamı əsassız sayır. Müsavat Partiyası hesab edir ki, Əbülfəz Sadıqbəyli siyasi motivlərlə təqib olunur.
Bastainfo.com-un məlumatına görə, yanvarın 30-da keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
Sonra zərərçəkən qismində “Nikoyl” bankının nümayəndəsi çıxış etdi. O, ittiham aktında göstərilən 10 min 800 manat ziyanın banka ödəndiyini təsdiqləyib, lakin ziyanın daha böyük olduğunu vurğulayaraq yeni mülki iddia qaldırdıqlarını söyləyib.
Əbülfəz Sadıqbəylinin vəkili Osman Kazımovun bankın nümayəndəsinə verdiyi suallar əsasında məlum olub ki, Əbülfəz Sadıqbəylinin bankla imzaladığı kredit müqaviləsi və müvafiq dosye yoxa çıxıb. Həmçinin bəlli olub ki, bankın yol polisinə sorğu verməsi, Əbülfəz Sadıqbəyliyə bildiriş göndərməsi haqda hər hansı sənəd, sübut mövcud deyil.
Əbülfəz Sadıqbəylinin əmisi oğlu Asif Sadıqov və “Nikoyl” bankının Qaradağ filialının hüquqşünası olmuş Kamran Abbasov da təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər. Əbülfəz Sadıqbəyli barəsində həbs qətimkan tədbiri seçilsə də, digər təqsirləndirilən şəxslər azadlıqdadırlar.
Prosesdə təqsirləndirilən hər üç şəxsin ifadəsi dinlənilib.
Əbülfəz Sadıqbəyli deyib ki, o, avtomobil almaq məqsədilə 2015-ci ildə “Nikoyl” bankının Qaradağ filialından 6 min 200 dollar ipoteka krediti götürüb. 2 il müddətinə götürdüyü kreditin illik faiz dərəcəsi 21 faiz olub.
Əbülfəz Sadıqbəyli bildirib ki, 2015-ci ildə manat devalvasiyaya uğradığı üçün hamı kimi o da kredit borcunu vaxtında ödəyə bilməyib.
2017-ci ilin yanvar ayında kreditlə aldığı avtomobillə hərəkət etdiyi vaxt “Nikoyl” bankının əməkdaşları onu saxlayıblar. Onlar Əbülfəz Sadıqbəyliyə bildiriblər ki, kredit borcu ödənmədiyi üçün girov kimi rəsmiləşmiş avtomobil bankın cərimə meydançasına aparılmalıdır. Əbülfəz Sadıqbəyli onlara deyib ki, maşın onun şəxsi mülkiyyətidir və məhkəmə qərarı olmadan harasa aparıla bilməz. Amma bankın əməkdaşları heç bir qərar göstərmədən öz tələblərində israr ediblər.
Bundan sonra Əbülfəz Sadıqbəyli həmin vaxt Yasamal Rayon Dövlət Yol Polisinin əməkdaşı olan əmisi oğlu Asif Sadıqova zəng edərək ondan məsləhət istəyib. Asif Sadıqov tövsiyə edib ki, bankın Qaradağ filialının hüquqşünası Kamran Abbasovla əlaqə saxlasın.
Əbülfəz Sadıqbəyli elə həmin gün Kamran Abbasovla görüşüb. Kamran Abbasov bildirib ki, banka olan borcun əsas hissəsini devalvasiyadan əvvəlki məzənnə ilə ödəyərsə, bank ona güzəşt edib faizləri bağışlaya bilər.
Əbülfəz Sadıqbəyli özündə pul olmadığı üçün yenə əmisi oğlu Asif Sadıqova müraciət edib, ondan maşını satanadək 5 min 100 manat borc alıb və bu pulu “Nikoyl” bankının Qaradağ filialının binasında Kamran Abbasova verib. Kamran Abbasov pulu aldıqdan sonra Əbülfəz Sadıqbəyliyə borcun bağlandığı haqda və maşının girovdan çıxarılmasına icazə verən arayış təqdim edib.
Əbülfəz Sadıqbəyli həmin arayışı Dövlət Yol Polisinə təqdim edib və avtomobili girovluqdan çıxarıb.
Üstündən bir ildən artıq vaxt ötəndən sonra, 2018-ci ilin noyabr ayında Əbülfəz Sadıqbəyli Daxili İşlər Nazirliyinə çağırılıb və bir neçə dindirmədən sonra həbs edilib.
Əbülfəz Sadıqbəyli ifadəsində siyasi fəaliyyətinə görə həbs olunduğunu iddia edib.
Məhkəmədə ifadə verən Kamran Abbasov Əbülfəz Sadıqbəyliyə rəsmi blankda arayış verdiyini, arayışa bankın orijinal möhürünün vurulduğunu, sənəddə filial müdirinin imzası olduğunu söyləyib və bu sənədin saxta olmadığını deyib.
Lakin o, Əbülfəz Sadıqbəylidən 5 min 100 manat aldığını inkar edib.
Təqsirləndirilən digər şəxs Asif Sadıqov deyib ki, Kamran Abbasov iş üzrə istintaqa cəlb olunandan sonra Əbülfəz Sadıqbəylidən aldığı 5 min 100 manatı hətta geri qaytarıb. Asif Sadıqovun iddiasına görə, bunu təsdiqləyəcək iki şahid də var. Şahidlərin adları məhkəməyə təqdim olunub.
Vəkil Osman Kazımovun suallarından sonra aydınlaşıb ki, Kamran Abbasovun hər hansı arayış vermək səlahiyyəti olmayıb.
Bastainfo.com xəbər verir ki, Asif Sadıqov istintaqa cəlb edildikdən sonra işdən çıxarılıb.
Məhkəmə prosesində şahidlər də dindirilib.
Şahidlərdən birinin – 2015-ci ildə “Nikoyl” bankının Qaradağ filialının müdiri işləmiş şəxsin məhkəməyə teleqram göndərdiyi aydınlaşıb. Teleqramında o, ezamiyyətdə olduğunu, buna görə ibtidai istintaqa verdiyi ifadəsinin əsas götürülməsini xahiş edib. Lakin vəkil Osman Kazımov onun məhkəməyə gəlməsini istəyib.
Proses fevralın 6-da davam etdiriləcək.