Yanvarın 30-u AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmə prosesi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən proses təqsirləndirilən Babək Həsənovun etirazı ilə başlanıb.
Meydan.tv-nin məlumatına görə, Babək Həsənov bildirib ki, onların məhkəməsinə gələnləri, o cümlədən ailə üzvlərini məhkəmə binasının qarşısında polislər tutub aparırlar. Adamlara hətta məhkəməyə gəlməyə də imkan vermirlər.
İndiyədək AXCP funksionerlərinin məhkəməsində iştirak etməyə gələn, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında saxlanılan şəxslərin bir hissəsi sonradan buraxılsa da, 10-dan artıq adama inzibati qaydada həbs cəzası verilib. Onlar hazırda bu cəzanı çəkirlər.
Yanvarın 30-u məhkəməyə gələnlərdən yenə 7 nəfər tutularaq Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsinə aparılıb. Onların arasında Babək Həsənovun qardaşı Cavid Həsənli də olub. Bir neçə saat orada saxlandıqdan sonra 5 nəfər buraxılıb. 3 nəfərdən (İslam İslamov, Vüqar Novruzov və Nicat Pənahlı) hələ xəbər yoxdur. Nicat Pənahlı Vidadi Rüstəmlinin qaynıdır.
Babək Həsənov hakimlərə deyib ki, polislərə məhkəməyə gələnləri həbs eləmək barədə göstəriş verilib. Onun sözlərinə görə, yaxınları bunu polislərin özlərindən eşidiblər.
Babək Həsənov hakimlərdən açıq məhkəmə prosesində iştirak etməyə gələn yaxınlarına qarşı bu qanunsuzluqlara reaksiya vermələrini və müvafiq tədbir görmələrini istəyib.
Hakim Eldar İsmayılov bildirib ki, məhkəmə prosesindən kənarda baş verənlərin onlara aidiyyəti yoxdur.
Vəkil Bəhruz Bayramov isə deyib ki, həmin həbslərin bu işə birbaşa aidiyyəti var. Çünki məhkəməyə gələnlərin həbs qərarlarında onların bu məhkəmənin gedişini pozduqları yazılıb.
Yanvarın 30-da keçirilən prosesdə şahidlər Təzəxan Mirələmli, Heydər Əhmədov, Rauf İsgəndərov və Ceyhun Hüseynov dindiriliblər.
Məhkəmə prosesi fevralın 1-də davam etdiriləcək.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.
Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.
Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.
İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.