Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür.
Müsavat Partiyasının sabiq başqanı, 1992-1993-cü illərdə Azərbaycan parlamentinin sədri olmuş İsa Qəmbər “Facebook” şəbəkəsində Rəsulzadənin möhtəşəm bir heykəlinin hazırlandığını vurğulayaraq yazır: “Mən o gözəl sənət əsərini düz 25 il əvvəl, 1994-cü ilin yanvar ayında görmüşəm. Müsavat Partiyası olaraq Rəsulzadənin 110 illik yubiley tədbirlərinə hazırlaşırdıq. Türkiyədən Rəsulzadənin silahdaşları – dəyərli ağsaqqallarımız Mehmet Kəngərli, Əhməd Qaraca və digər dostlarımız gəlmişdi. Onlarla birlikdə məşhur heykəltəraş Ömər Eldarovun emalatxanasına getdik. Rəsulzadənin möhtəşəm abidəsinin orijinalını həmin gün gördük və hamımız çox bəyəndik!
Bizim hakimiyyətin – Əbülfəz Elçibəy hakimiyyətinin qərarı ilə hazırlanmış heykəl 25 ildən çoxdur, hörmətli ziyalımız Mehriban Vəzirin qeyd etdiyi kimi, girov saxlanır. Bəlkə bütün siyasi məhbusların azadlığını tələb etdiyimiz kimi bu siyasi girovun da azadlığa buraxılmasını tələb etməliyik?!”
Novator.az bildirir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.
1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.