“Dövlət qurumlarında aparılan struktur islahatları iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır”. Prezident İlham Əliyev yanvarın 29-u regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda belə deyib.
Konfransı açan dövlət başçısı regionların sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsinin tarixinə nəzər salıb, 2004-cü ilin fevral ayından başlayaraq üç proqramın icra olunduğunu vurğulayıb: “Son 15 ildə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6 dəfə artıb. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycan regionlarına və eyni zamanda neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik.
Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır.
Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb. Əhalinin sayı isə 1,6 milyon nəfər artıb. İşimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq.
Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.
Son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikilib, köçkünlərə təqdim edilib. Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib.
15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atdıq. Sahibkarlığın inkişafına böyük dəstək verdik. Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb.
Sənayeləşmə prosesi uğurla gedir. Son vaxtlar sənaye parklarının fəaliyyətə başlaması geniş vüsət alıb. İndi bu proses bir neçə şəhərdə gedir və sənaye parklarında 67 rezidentimiz var. Onlardan 40-ı fəaliyyətdədir.
Aqroparkların yaradılması çox müsbət hal kimi qiymətləndirilə bilər. Proqramda 51 aqroparkın yaradılması nəzərdə tutulub. Onlardan 17-si fəaliyyətdədir. Qalan aqroparkların işə düşməsi nəticəsində həm bölgələrdə yeni iş yerləri yaradılacaq, həm də kənd təsərrüfatı məhsullarımızın istehsalı və ixracı daha da artacaq”.
Prezident yekun nitqində qeyd edib ki, hələ də həll olunmamış məsələlər var: “Hələ də elə məsələlər var ki, onların həlli üçün imkanlar olmayıb, yaxud da onların növbəsi gəlməyib. Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır.
Ölkədə qazlaşdırmanın səviyyəsi 95 faizdir. Ancaq bu o demək deyil ki, bu bizi qane edir. Elə kəndlər var ki, oraya hələ də qaz çəkilməyib. Ona görə bu proses davam etdiriləcək.
İçməli su layihələri davam etdirilir. Təminat 70 faizə çatıb. Hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaq və 12 şəhərdə işlər artıq başlanıb, gedir və bir neçə şəhərdə hələ ki, başlanmayıb. Bu məsələlər daim gündəlikdədir”.
Dövlət başçısı 2018-ci ildə 118 min yeni iş yeri yaradıldığını deyib: “Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində nə qədər iş yeri yaradılacaq məsələsi də var. Məşğulluğun artırılması çox ciddi məsələdir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır.
Son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyl ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq. Ancaq eyni zamanda mütləq iş yerlərini qorumalıyıq – həm dövlət qurumlarında, həm özəl sektorda. Dövlət qurumlarında aparılan struktur islahatları, – bütün dövlət qurumlarına artıq bildirilib, – iş yerlərinin ixtisarına gətirib çıxarmamalıdır. Bu struktur islahatları sadəcə olaraq idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yerləri açmalıdır”.
Novator.az bildirir ki, yanvarın 29-da fərman imzalayan prezident regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramını təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini İqtisadiyyat Nazirliyi əlaqələndirəcək.