Məhbus jurnalist Əfqan Muxtarlı media vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Arqument.az-ın məlumatına görə, müraciətində jurnalist naziri saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinə dəvət edib.
Əfqan Muxtarlının çağırışı müəssisənin yeməkxanasında verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır. Məhus jurnalist istəyir ki, nazir gəlib dustaqlara verilən yeməyin keyfiyyəti ilə, cəzaçəkmə müəssisəsindəki sosial durumla tanış olsun.
Jurnalistin həyat yoldaşı Leyla Məmmədovanın sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi Əfqan Muxarlının Fikrət Məmmədova yazdığı məktubları nazirə göndərməkdən imtina edir. Buna görə də jurnalist nazirə media vasitəsilə müraciət etməyə məcbur olub.
Bir neçə gün qabaq Leyla Mustafayeva Əfqan Muxtarlının Ədliyyə Nazirliyinə, insan hüquqlarının qorunması ilə məşğul olan QHT-lərə, beynəlxalq təşkilatlara, həmçinin xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə müraciətini də ictimailəşdirmişdi.
Həmin müraciətində məhbus jurnalist 16 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq aparılmasını xahiş etmişdi. Müraciətində o, cəzaçəkmə müəssisəsində təxribata çəkilməsindən, eyni zamanda xəstələr üçün istirahət otağından çıxarılmasından, verilən yeməklərin keyfiyyətindən şikayətlənmişdi.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.