Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadənin 135 illiyidir.
Bu münasibətlə yanvarın 29-da Milli Strateji Düşüncə Mərkəzinin təşəbbüsü ilə “Rəsulzadə – Hürriyyət – İstiqlal” adlı dəyirmi masa keçirilib.
Bastainfo.com-un məlumatına görə, Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən tədbirdə Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, yazıçı Mehriban Vəzir, professor Almaz Əliqızı, tarixçilər Yasəmən Qaraqoyunlu və Xəqani İsmayılov, Rəsulzadə irsinin araşdırıcılarından olan Nəcibə Bağırzadə, Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı, Milli Strateji Düşüncə Mərkəzinin üzvü Arzu Səmədbəyli, siyasətçilər Rafiq Turabxanoğlu, Mirfazil Həmid, Oqtay Qasımov, Aydın Şükürov və başqaları iştirak ediblər.
İsa Qəmbər bu yaxınlarda Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində doğulduğu evin divarına yeni barelyefin vurğulduğunu, əvvəlkindən fərqli olaraq hazırkı barelyefdə “cümhuriyyət”, “rəhbər”, “Müsavat”, “bani” sözlərinin olmadığını xatırladıb və buna etirazını bildirib. O qeyd edib ki, indiki hakimiyyətin addımlarından asılı olmayaraq, hər kəs Rəsulzadəni cümhuriyyətimizin, Müsavatın və müsavatçılıq ideologiyasının banisi, qurucusu kimi tanıyacaq.
Rəsulzadənin yaradıcılığından danışarkən İsa Qəmbər onun yazdığı hər yazının, söylədiyi hər nitqin, hətta qısa bir şüar kimi görünən cümlələrinin də böyük bir araşdırmanın yekunu olduğunu, dərin bir məna kəsb etdiyini vurğulayıb.
İsa Qəmbər bildirib ki, mövcud hakimiyyət cümhuriyyət dəyərlərinə nə qədər yad olsa da, ziyalılar Bakıda Rəsulzadənin heykəlinin qoyulması və 1990-cı illərdə Rəsulzadənin adını daşımış Bakı Dövlət Universitetinə həmin adın qaytarılması məsələsində tələblərini davam etdirməlidirlər: “Rəsulzadənin möhtəşəm bir heykəli hazırlanıb. Heykəltəraş Ömər Eldarovun hazırladığı bu heykəli mən emalatxanada görmüşəm. Ortada siyasi iradə olarsa, başqa heykəltəraşlara da imkan yaratmaq olar. İstənilən halda Bakıda Rəsulzadənin heykəli qoyulmalıdır”.