Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 12-si Əmlak Xidmətləri Məkanında ilk dəfə özəlləşdirmə hərracı keçirəcək. Rəsmi məlumata görə, hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onların 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si nəqliyyat vasitəsidir.
Əmlak Xidmətləri Məkanı yanvarın 3-də açılıb. Məkanda 46 xidmət (dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər) təqdim etmək nəzərdə tutulur.
100 nəfərlik hərrac zalında monitorlar vasitəsilə özəlləşməyə çıxarılan əmlaklarla tanışlıq, keçirilən özəlləşdirmə hərraclarında həm canlı iştirak etmək, həm də elektron qoşulmaqla hərraca qatılmaq imkanları yaradılıb.
Komitənin 29 yanvar hərracında 17 dövlət əmlakı üzrə 42 sifariş verilib. Özəlləşdirilən dövlət əmlaklarının 4-ü kiçik dövlət müəssisə və obyekti, 9-u qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.