Yanvarın 29-u Bakı Ağır Cinayətlər Məhkəməsində Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi keçirilən prosesdə Bastainfo.com saytının əməkdaşı Tural Hacıbəyli şahid qismində ifadə verib.
Tural Hacıbəylini işə şahid qismində istintaq orqanı cəlb edib.
O, məhkəmədə ifadə verərkən saytın yaradıcı fəaliyyətinə qarışmadığını, sadəcə texniki problemlər yarandıqda onları aradan qaldırdığını bildirib.
Dövlət ittihamçısının “Yazıları sayta kim yerləşdirir” sualına Tural Hacıbəyli “Bilmirəm” cavabını verib.
Mustafa Hacıbəyli prokurorun sualına etiraz edib: “Mən ifadəmdə bildirmişəm ki, sayta yazıları mən qoyuram, ona görə belə sualları əhəmiyyətsiz sayıram”.
Baş redaktorun vəkili Osman Kazımov Tural Hacıbəylinin şahid kimi cəlb edilməsinin heç bir əhəmiyyəti olmadığını vurğulayıb: “İstər Tural Hacıbəyliyə verilən suallardan, istərsə də onun cavablarından görünür ki, onun ittihama heç bir aidiyyəti yoxdur”.
29 yanvar prosesində istintaqın cəlb etdiyi daha üç şahid – Zülfiyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidova ifadə verməliydilər. Lakin məhkəmənin katibi bildirib ki, hər üç şahid prosesə dəvət olunsa da, məhkəmə prosesinə gəlməyiblər.
Adıçəkilən şahidlərin hər üçü Xəzər rayonunda qeydiyyatdadır. Onlar ötən il Bastainfo.com saytında dərc edilən iki məqaləni oxuduqdan sonra həyəcanlandıqlarını bildirərək Mustafa Hacıbəyli barəsində tədbir görülməsi üçün Bakı Şəhər Prokurorluğuna ərizə ilə müraciət ediblər.
Şahidlər gəlmədiyi üçün proses fevralın 5-nə təxirə salınıb.
Açıq məhkəmə prosesində Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley, bir qrup Müsavat fəalı və jurnalistlər iştirak ediblər.
Ötən il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq 2018-ci il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada Bastainfo.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. Bastainfo.com saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır.