Prezident İlham Əliyev yanvarın 28-i şəhid ailələri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunub: “Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən başlıca vəzifədir. Ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir. Diplomatik müstəvidə maksimum nəticəyə nail ola bilmişik. Bu gün bütün dünya bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını bildirir. Çoxsaylı qətnamələr, qərarlar, ikitərəfli formatda imzalanmış müqavilələr, bəyannamələr ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə edir. Dünyanın aparıcı beynəlxalq təşkilatları – BMT, onun Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar bu münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir. Yəni biz bütün vasitələrdən istifadə edirik ki, məsələni həll edək, torpaqlarımızı işğalçılardan azad edək.
Onu da bilməliyik ki, bu gün dünyada güc amili ön plana çıxıb. Biz ordu quruculuğu istiqamətində bu günə qədər böyük işlər görmüşük. Döyüş meydanlarında da öz gücümüzü göstərmişik. Bütün dünyaya göstərmişik ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla heç vaxt barışmayacaq”.
Dövlət başçısı deyib ki, ölkənin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur: “Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır. Ötən il Bakıda iki hərbi parad keçirildi. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır”.
İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndindən söz açan prezident deyib: “Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrilib. Cocuq Mərcanlının abadlaşdırılması, yenidən qurulması hərbi qələbə nəticəsində mümkün oldu. Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik. Onlar sübut etməyə çalışırdılar ki, hərbi cəhətdən bizdən üstündürlər və buna görə də 1990-cı illərin əvvəllərində bizim torpaqlarımızı zəbt edə biliblər. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır”.
Prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da imzaladığı fərmanla şəhid ailələrinə birdəfəlik ödəmə (11 min manat) verilir. Ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, 34 milyon manat vəsait ödənib.
Prezidentin 28 yanvar 2019-cu il fərmanı ilə birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Elə həmin gün dövlət başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılmasına da sərəncam verib.