Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli Venesuela böhranı ilə bağlı şərh yayıb.
Venesuelada ötən həftədən prezident Nikolas Maduronun istefası tələbi ilə keçirilən aksiyalar toqquşmalarla müşayiət olunur. Ölənlər var.
Vahid Sosialist Partiyasının lideri olan Nikolas Maduro 2013-cü ildən ölkə prezidentidir. O, ötən il mayın 20-də keçirilmiş prezident seçkisində yenidən dövlət başçısı elan olunub, bu il yanvarın 10-da and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Müxalif qüvvələrin əlində olan, prezidentin tanımadığı parlamentin sədri Xuan Quaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib. ABŞ başda olmaqla bir çox ölkə onu legitim dövlət başçısı kimi tanıyıb. Nikolas Maduro hakimiyyətdən əl çəkmək çağırışlarına məhəl qoymur.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli Latın Amerikasının 20-ci əsrin ikinci yarısında siyasi və hərbi solçu hərəkatın əsas mərkəzinə çevrildiyini qeyd edir: “Bunun çeşidli səbəbləri vardı: ABŞ-ın coğrafi yaxınlığı, bölgəni “udmaq” istəyi solu aktuallaşdırdı; əksər ölkələrdə hərbi xunta rejimlərinə qarşı əsas dirənən məhz sol hərəkat oldu; SSRİ Latın Amerikasındakı sol cərəyanlara maliyyə, silah, ideoloji baxımdan yardım etdi, ABŞ-la həmin bölgədə hibrid müharibə aparmağa başladı.
Solun cəlbedici ideyaları cəmiyyətdə çox populyarlıq qazandı, antiamerikanizm gücləndi. Latın Amerikasında çox güclü və populyar olan katolik kilsə, nə qədər qəribə olsa da, sol cərəyanlara yardım edirdi, çünki Avropa da ABŞ-ın bölgədə çox güclü olmasını istəmirdi deyə öz siyasətini kilsə vasitəsi ilə yürüdürdü. Beləliklə, Latın Amerikasında dindar-sol anlayışı yarandı, solçuluq ateizmdən ayrıldı.
Bu gün Venesuelada Nikolas Maduronun etirazlara duruş gətirməsinin əsas səbəbi odur ki, onu dəstəkləyən böyük sol kütlə var. Yəni Maduronun müqaviməti həm də ideolojidir deyə cəlbedicidir. Antiamerikanizm o qədər dərinə işləyib ki, müxalifətin ABŞ-dan dəstək alması üstünlük sayılmır, cəmiyyət bunu çox mənfi qarşılayır. Maduronun populist sol siyasəti ölkədə iqtisadi fəlakət yaradıb, amma vətəndaşların bir hissəsi “ac ol – sol ol” prinsipi ilə düşünür. Qısası, Maduronun dirənişi siyasi ideologiyaya söykənib.
Əksər insanlar Venesuelada neft amilini önə çəkir. Təbii ki, neftin də rolu var, amma Venesuelada çox keyfiyyətsiz, ağır, təmizlənməsi bahalı olan neft çıxır. Bu ölkənin nefti dünyanın ən ucuz neftidir və onun bir alıcısı var: ABŞ. Məhz ABŞ-da belə nefti emal edə bilən zavodlar qurulub. Yəni ABŞ Venesueladan neft alıb-alacaq. Söhbət ondan gedir ki, Uqo Çaves prezidentliyi dövründə (1999-2013-cü illər) neft sahəsi qanunsuz milliləşdirildi, Qərb şirkətlərinin ora yatırdığı vəsait batdı – bu doğru deyildi”.
Natiq Cəfərli əlavə edir ki, ideoloji boşluq çəkən avtoritar rejimlər daha zəif, daha dözümsüz olurlar: “Məsələn, Rusiyada , Belarusda hakimiyyətlərin pis-yaxşı ideoloji kimliyi, öz uğur hekayələri var. Bu anlamda bizdə heç nə yoxdur – YAP siyasi partiya deyil, nə planı-platforması var, nə ideoloji kimliyi, nə parlamentdə fraksiyası, nə mövqe sənədləri. Ancaq seçkidən-seçkiyə ayaqların səfərbərliyi ilə məşğul idilər – indi ona da ehtiyac qalmayıb, çünki seçkiyə nə qədər az insan gəlsə sistemə bir o qədər sərfəlidir. Bizdə hakimiyyətin ideoloji olmaması çox təhlükəlidir, şəxsi maraqlar öndə olduğu üçün daha aqressiv sistem qurulub”.