İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası təsdiqlənib. Novator.az-ın məlumatına görə, yaşayış sahəsi dedikdə satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə fondun satın aldığı və ya digər əsaslarla onun mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlak nəzərdə tutulur.
Yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini fond bu şərtlərə riayət etməklə həyata keçirir: kirayəçi Azərbaycan vətəndaşı olmalıdır; müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır; yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir; kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir; kirayə müqaviləsi bağlandıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir; kirayə müqaviləsi bağlandıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir; yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır; yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərti ilə sığortalanmalıdır.
Kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödənməlidir. Kirayəçinin ödədiyi aylıq ödənişin məbləğini fond yaşayış sahəsini satın aldığı qiyməti, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərcləri; bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyərini; kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədilə yaradılan ehtiyatlar üzrə ayırmaları; yaşayış sahəsinin saxlanması, sığortalanması və idarə edilməsi ilə bağlı bütün xərcləri nəzərə almaqla hesablayır.
Fonda ödənilmiş aylıq ödənişlər onun gəliri hesab olunur və geri qaytarılmır.
Kirayə müqaviləsi qüvvədə olduğu müddətdə yaşayış sahəsinin saxlanması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri kirayəçi ödəyir.
Kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir.
Fondu 30 gün əvvəldən xəbərdar etməklə kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam vermək mümkündür.
Bu hallarda fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verir: kirayəçi yaşayış sahəsini təhvil almadıqda; kirayəçi yaşayış sahəsinin istifadəsi ilə bağlı öhdəlikləri pozduqda, habelə nəzərdə tutulmuş ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə; kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə; kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə; yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə; kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə.