Ölkədə müxaliflərin həbsi davam edir.
Yanvarın 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında təkbaşına etiraz aksiyası keçirən gənc fəal Rafael Hüseynzadəni polis tutaraq aparıb. Onun harada saxlandığı barədə hələ də məlumat yoxdur.
Rafael Hüseynzadə paytaxtda dəfələrlə təkbaşına aksiya keçirmiş Füzuli Hüseynovun oğludur.
Füzuli Hüseynov “Amerikanın səsi”nə deyib: “Mən oğluma aksiya keçirməsini təbliğ etməmişəm. Bu onun vətəndaş olaraq öz istəyidir. Oğlum hər hansı siyasi partiyanın üzvü deyil. Ölkədə demokratiyanın qurulması oğlumun və mənim ən böyük arzumdur. Bu yolda mübarizəmizi davam etdirəcəyik”.
Yanvarın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin (AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli) mühakiməsi zamanı məhkəmə binasının qarşısına toplaşmış 11 nəfər tutularaq polis bölməsinə aparılıb.
Bölmədə AXCP üzvləri Xəyal Əliyev, Fuad Tağızadə və Mahir Rüstəmlinin izahatları alınıb və onlar sərbəst buraxılıblar. Daha 2 fəal şifahi xəbərdarlıqdan sonra buraxılıb.
Beş nəfərin işi isə Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə AXCP üzvləri Orxan Səlimzadə, Ayaz Qasımov və Mehdi Nağıyevin hər birinə 30 sutka inzibati həbs verilib, Kənan Əzizli və Ceyhun Arif 200 manat cərimələnib.
Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, yanvarın 26-sı 50-60 nəfərdən ibarət bir qrup şəxs Yasamal rayonunun Mirəli Seyidov küçəsində yürüş keçirməyə cəhd edib, 15 nəfər saxlanaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb. 10 nəfər məhkəmə qərarı ilə inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra buraxılıb.
Rəsmi məlumatda yürüşün təşkilatçıları, saxlananların kimliyi barədə məlumat verilməyib.
Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası yanvarın 26-sı Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirmək istəyirdi. Bakı Şəhər İcra Hakimiyyəti razılıq vermədiyinə görə həmin aksiya təxirə salınıb. Milli Şuranın liderlərindən olan AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində yazıb ki, yanvarın 26-sı tutulanlar mitinqin keçirilməyəcəyindən xəbərsiz olduğuna görə həmin əraziyə gəlmiş adamlardır.