Ölkədə yeni müxalif təşkilat yaradılıb. Yanvarın 26-sı Bakıda, Demokrat Partiyasının mərkəzi qərargahında təsis olunan qurum Azərbaycan Xalq Hərəkatı adlanır.
Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.
Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti və Məclisinin formalaşdırlacağı, bölgələrdə dayaq dəstələrinin olacağı bildirilir.
1948-ci il təvəllüdlü İsgəndər Həmidov iqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər naziri postunu tutub. 1995-2003-cü illərdə həbsdə yatıb.