Yanvarın 28-i Prezident Sarayında şəhid ailələri ilə görüşən dövlət başçısı İlham Əliyev ötən il aprelin 19-da imzaladığı fərmana toxunub.
Həmin sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2018-ci ildə 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi qərarı çıxarılıb, onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.
Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.
28 yanvar 2019-cu il görüşündə İlham Əliyev şəhid ailələrinə bildirib ki, vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmalar aparılıb, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzalayıb. Dövlət başçısı yeni fərmanla 11 min manat alacaq vətəndaşların sayının artdığını vurğulayıb.