Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin mühakiməsi davam etdirilir.
Məhkəmə qarşısına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli çıxarılıb.
Yanvarın 23-də hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Saleh Rüstəmov ifadə verib.
Azadliq.org xəbər verir ki, Saleh Rüstəmov özündən əvvəl ifadə vermiş digər təqsirləndirilən şəxslər kimi 2018-ci ildə saxlandığı vaxt işgəncələrə məruz qaldığını söyləyib. Digər təqsirləndirilən şəxslər kimi o da ibtidai istintaqa ilkin ifadəsini işgəncə altında imzalamağa məcbur olduğunu bildirib.
Saleh Rüstəmov qardaşı oğlu Vidadi Rüstəmlinin də işgəncəyə məruz qaldığını iddia edib.
Müxalifətə pul ötürməsi haqda ittihama gəlincə, o ancaq AXCP-nin həbs edilən üzvlərinin ailələrinə pul göndərdiyini söyləyib: “Bu işə öz təşəbbüsümlə başlamışam, sonra daha bir neçə nəfər də qoşulub. Biz ancaq siyasi məhbusların ailələrinə kiçik maddi yardım göstərmişik.
Uzun illərdir Rusiyada yaşasam da Xalq Cəbhəsi Partiyasına mənsubluq hissi vardı məndə. Xalq Cəbhəsindən olan siyasi məhbusların da sayı artırdı. Mən də onlara yardım məqsədilə əvvəl bir ayda 300 dollar göndərməyə başladım. Sonra elə ay oldu 400, elə oldu 500 dollar göndərdim. Bunu sanki özümə borc bilirdim deyə hətta qazancım olmayan ayda da müəyyən məbləğ göndərirdim”.
Sabiq icra başçısının sözlərinə görə, sonradan başqa azərbaycanlılar da bu təşəbbüsə qoşulub və bir ayda ən çox göndərdikləri məbləğ 1200 dollar olub.
Saleh Rüstəmov qeyd edib ki, ümumilikdə göndərilən məbləğ 10-12 min dollardan çox olmaz. Amma o iddia edib ki, işgəncə altında hər ay AXCP-yə və onun sədri Əli Kərimliyə 25-30 min dollar göndərilməsi barədə ifadəyə imza atıb.
Moskvada ayaqqabı satışı ilə məşğul olduğunu, qazancının ailəsinin dolanışığına, xəstə olan böyük oğlunun müalicəsinə ancaq çatdığını deyən Saleh Rüstəmov iddia edib ki, onun həbsindən sonra istintaq qrupu Rusiyaya gedib, araşdırma aparıb, amma onun əleyhinə heç bir fakt tapa bilməyib.
Saleh Rüstəmov həbs edilərkən üzərində olmuş 1000 manat və 7000 rubl pulun bu günədək özünə və yaxınlarına qaytarılmadığını da söyləyib.
Sabir icra başçısı vurğulayıb ki, onun heç bir siyasi ambisiyası yoxdur və gələcəkdə nə özü, nə də övladları Azərbaycanda yaşamaq fikrindədir.
İstər Saleh Rüstəmovun, istərsə də iş üzrə təqsirləndirilən digər şəxslərin məhkəmədə bəhs etdikləri işgəncə iddialarına hələ ki, dövlət orqanlarından rəsmi münasibət bildirilməyib. Bir qayda olaraq rəsmilər, hüquq mühafizə orqanları bu kimi iddiaları təkzib edir.
Növbəti məhkəmə prosesi yanvarın 25-də olacaq.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.
Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.
Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.
İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.