Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Davosda keçirilən qeyri-rəsmi görüşünü AZƏRTAC-a şərh edib. O deyib ki, 22 yanvar görüşü Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib: “Görüş Düşənbə və Sankt-Peterburqda baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. Danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. 2018-ci il dekabrın 3-ü Milanda, bu il yanvarın 16-da isə Parisdə belə görüşlər olub. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub”.
Hikmət Hacıyev əlavə edib ki, tam formatda dövlət başçıları səviyyəsində görüşü bir qayda olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri təşkil edir.
İlham Əliyev Nikol Paşinyanın bir saatdan çox çəkən Davos görüşündə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin vəziyyəti müzakirə olunub.
Nikol Paşinyan yanvarın 23-ü “Facebook” şəbəkəsində canlı yayıma çıxaraq deyib ki, Davos görüşü İlham Əliyevlə üçüncü görüşüdür: “Bunlar qeyri-rəsmi görüşlərdir və danışıqların rəsmi startı sayıla bilməz. Bu görüşlərdə danışıqlar prosesinin tarixi, nizamlanma üçün şərait yaradılması imkanları, mövcud maneələr və bu kimi başqa məsələlər müzakirə olunub. Konkret detallara toxunulmayıb”.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti ilə ilk dəfə sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı bir araya gəlib. Prezident və baş nazir təmas xəttində, eləcə də sərhəddə atəşkəs rejiminin möhkəmlənməsi qərarı veriblər.
MDB liderlərinin dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən zirvə toplantısında İlham Əliyevlə Nikol Paşinyan yenə görüşüblər. Onlar danışıqların davam etdirilməsi, atəşkəs rejiminin möhkəmləndirilməsi, əsir və girovların dəyişdirilməsi məsələlərini müzakirə ediblər.
Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.