Prezident İlham Əliyev yanvarın 24-ü Bakının Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev burada aqrar inkişaf könüllüləri ilə görüşüb.
Ərazidə inzibati-laboratoriya binası, yeməkxana, toxum saxlanma anbarı, toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, istixanalar kompleksi, toxum satış mərkəzi yaradılıb.
İnstitutun laboratoriyalarındakı cihaz və avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası qurulub.
İnstitut və onun tabeli qurumları – Lənkəran, Qusarçay, Tovuz bölgə zona təcrübə stansiyaları, Şəmkir dayaq məntəqəsi və Abşeron yardımçı təcrübə təsərrüfatı tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanmasını, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsini, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsini, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərliyi həyata keçirir.
İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur.
Hazırda burada 158 nəfər çalışır, onların 17-si elmi işçi, 2-si elmlər doktoru, 15-i fəlsəfə doktorudur.
Kompleksə daxil olan toxum emalı məntəqələrində tərəvəz toxumlarının müasir avadanlıqlarla emal olunması və paketlənməsi planlaşdırılır.
İnstitutun ərazisində 30 hektar açıq sahədə, 6,14 hektarda isə istixana şəraitində tərəvəz və kartof bitkilərinin toxumçuluq sisteminin təşkili məqsədilə kompleks inşa olunub.