Müsavat Partiyasının üzvü Elvin Abdullayev həbs olunub.
“Turan”ın məlumatına görə, o, yanvarın 22-də polis bölməsinə aparılıb, ayın 23-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzbati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi üzrə təqsirli bilinərək 25 sutka inzibati həbsə məhkum edilib.
Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva “Turan”a deyib: “Mənə aydın deyil ki, Elvini niyə saxlayıblar. Deyirlər ki, Elvin 19 yanvar mitinqi ilə bağlı təbliğat aparıb. Mitinq Bakı rəhbərliyi ilə razılaşdırılmış aksiya olub, burada qanun əleyhinə nə baş verib – anlamaq olmur”.
Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli Meydan.tv-yə bildirib ki, Elvin Abdullayev 19 yanvar mitinqində iştirakına görə həbs edilib: “O, yanvarın 22-si axşam evdən polisə aparılıb. Buna görə də Elvin Abdullayevin polisə müqavimət göstərməsi haqda deyilənlər yalandır”.
Elvin Abdullayev əvvəllər də dəfələrlə təqib olunub. O, 2015-ci ilin yanvarında narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib, 2017-ci ilin martında prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.
2018-ci il mayın 22-də Xətai Rayon Məhkəməsi Elvin Abdullayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək 30 sutka müddətinə azadlıqdan məhrum edib. Həmin vaxt Müsavat Partiyası bəyan etmişdi ki, Elvin Abdullayevin həbsini onun sosial şəbəkədəki yazıları ilə bağlıdır.
2019-cu il yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirib. Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiyada Milli Şuranın üzvü olmayan Müsavat və Respublikaçı Alternativ partiyalarının təmsilçiləri də iştirak ediblər.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Şuranın liderlərindən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.
19 yanvar mitinqi bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələbi ilə keçirilib.