Prezident İlham Əliyevin İsveçrəyə səfəri başa çatıb. Səfərin son günü – yanvarın 23-də dövlət başçısı isveçrəli həmkarı Ueli Maurerlə bir araya gəlib. AZƏRTAC xəbər verir ki, Davosda keçirilən görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ueli Maurer isveçrəli iş adamlarının Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razı olduqlarını deyib: “Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycanla İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.
İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışıb, ölkənin beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini, dəmir yolu ilə yüklərin Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd edib. Prezident İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
İlham Əliyev bildirib ki, onun hökuməti Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıdır. Dövlət başçısı İsveçrə şirkətlərinin Azərbaycanla fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunulub.
Dünya İqtisadi Forumuna qatılan İlham Əliyev yanvarın 23-də Rusiyanın iqtisadi inkişaf naziri, “Procter and Gamble Europe” şirkətinin prezidenti, “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru, “Lazard Freres” şirkətinin baş icraçı direktoru, “VTB-Bank”ın prezidenti, İdarə Heyətinin sədri, “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti, “Equinor” (keçmiş “Statoil”) şirkətinin baş icraçı direktoru ilə də görüşlər keçirib.