Yanvarın 23-də Salyan Rayon Məhkəməsi inzibati qaydada həbs edilmiş AXCP üzvlərinin apellyasiya şikayətinə baxıb.
25 sutka həbs cəzası alan AXCP Salyan rayon şöbəsinin üzvü Əlizamin Salayevin cəza müddəti 7 gün, 20 sutka həbs cəzası alan Tariyel Məlikzadənin cəza müddəti isə 4 gün azaldılıb.
Məlumatı Meydan.tv yayıb.
Adıçəkilən şəxslər məhbus bloqçu Mehman Hüseynova dəstək aksiyasi keçirəndən sonra, yanvarın 11-də tutulublar. Salyan Rayon Məhkəməsi onları İnzbati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilib.
Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci il dekabrın 26-da Mehman Hüseynova Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb. 2019-cu il yanvarın 22-də Baş Prokurorluq həmin cinayət işinin icraatına xitam verib.