Dövlət başçısı İlham Əliyevin İsveçrənin Davos şəhərinə səfəri davam edir. Dünya İqtisadi Forumuna qatılan prezident yanvarın 22-də “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada danışıb.
AZƏRTAC-ın məlumatına görə, sessiya aparıcısının “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan üçün nə deməkdir” sualını prezident belə cavablandırıb: “Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan infrastrukturu əsasən dövlət büdcəsindən maliyyəşdirib: “İnfrastruktura investisiya qoymaq üçün neft və qaz satışından əldə etdiyimiz gəlirləri düzgün istiqamətə yönəltməyə müvəffəq olmuşuq və indi biz bununla fərəhlənə bilərik. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, Azərbaycan yolların keyfiyyəti baxımından dünyada 34-cü yerdə qərarlaşıb. Bunu biz neft və qaz satışlarından əldə etdiyimiz vəsaitlə etdik. Sonra bu, biznes mühitinin yaradılmasına gətirib çıxardı. Çünki sizin müasir infrastrukturunuz, qazlaşdırmanız, elektrik enerjiniz, yaxşı yollarınız və magistrallarınız olduqda onda biznes üçün də investisiya yatırmaq daha asan olacaq. Biz bu istiqamət üzrə də işlər görmüşük”.
İlham Əliyev Azərbaycanın qazandığından daha az xərcləmək xətti tutduğunu vurğulayıb: “Buna görə biz üzərimizə borc yığmamışıq. Daxili borca gəlincə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilib. Biz iyirmi il bundan əvvəl – o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk. İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. Eyni zamanda biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk.
Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur. Lakin biz infrastruktura investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarını bazara gətirmək üçün bu yoldan istifadə edənlərin ödədiyi vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacağıq. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın.
Bizim sərmayə yatırmaq üçün pulumuz olmasaydı, xarici investorlardan pul almaq məcburiyyətində olardıq. Mən sizə bir il yarım bundan əvvəl tamamladığımız dəmir yolu layihəsi timsalında bir misal çəkə bilərəm. Söhbət Şərqlə Qərbi birləşdirən Azərbaycan və Türkiyə arasında dəmir yolu bağlantısından gedir. Biz bir neçə il xarici mənbələrdən maliyyələşməni axtarırdıq. Bu, 2000-ci illərin əvvəlləri, 2004-2005-ci illər idi. Lakin bizim müraciətlərimizə rədd cavabı verilmişdi. Çünki investisiyalar heç ortamüddətli perspektivdə belə geri qayıtmayacaqdı. Əlbəttə ki, maliyyə ehtiyatları olmayan ölkələr üçün çox çətin olur. Maliyyə ehtiyatları olmayanların daha çox təxirəsalınmaz problemləri var. Məsələn, işsizlik, gəlir əldə etmək üçün iqtisadiyyatın real sektoruna investisiya yatırmaq. Bu ölkələr üçün infrastruktur layihələri prioritet deyil. Buna görə düşünürəm ki, maliyyə institutları bu məsələyə daha çox diqqət ayırmalıdırlar. Xüsusilə aparıcı beynəlxalq maliyyə institutlarını nəzərdə tuturam. Onlar on il ərzində iş yerlərinin açılmasına imkanlar yaradacaq ölkələrə infrastruktur sahəsinə investisiya yatırmağa kömək etməlidirlər”.
Yanvarın 22-də İlham Əliyev Davosda Gürcüstanın baş naziri, “Visa” şirkətinin prezidenti, BP qrupunun baş icraçı direktoru, “CİSCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri,“SAP SE” şirkətinin baş icraçı direktoru, Dünya Bankının baş icraçı direktoru, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti, Fransanın “Total” şirkətinin baş icraçı direktoru, “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti, “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru ilə görüşlər də keçirib.