Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 23-ü “Facebook” şəbəkəsində canlı yayıma çıxaraq Azərbaycan prezidenti İlham Əliyevlə ötən gün Davosda keçirdiyi görüşdən danışıb. Novator.az-ın məlumatına görə, baş nazir görüş barədə əvvəlcədən ictimaiyyətə bilgi verilməməsi tənqidlərinə toxunaraq deyib: “Dağlıq Qarabağ münaqişəsi üzrə beynəlxalq vasitəçilər – ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin qatıldığı tədbirlər zamanı görüşmək imkanından yararlanmağı təklif edir. Davosda keçirilən Dünya İqtisadi Forumunun təşkilatçıları mənə və Azərbaycan prezidentinə görüşmək təklifi verdilər. Biz də buna razılaşdıq.
Davos görüşü mənim İlham Əliyevlə üçüncü görüşümdür. Bunlar qeyri-rəsmi görüşlərdir və danışıqların rəsmi startı sayıla bilməz. Bu görüşlərdə danışıqlar prosesinin tarixi, nizamlanma üçün şərait yaradılması imkanları, mövcud maneələr və bu kimi başqa məsələlər müzakirə olunub. Konkret detallara toxunulmayıb”.
Baş nazir əlavə edib ki, Dağlıq Qarabağ danışıqlarında hər hansı gizli razılaşmadan, qəsddən söhbət gedə bilməz.
Prezident İlham Əliyevin yanvarın 22-si Davosda Nikol Paşinyanla görüşü bir saatdan çox çəkib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin vəziyyəti müzakirə olunub.
Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti ilə iyunun 14-ü Rusiyanın paytaxtı Moskvada, dünya futbol çempionatının açılışı günü tanış olub. Onları rəsmi qəbul zamanı Rusiya prezidenti Vladimir Putin bir araya gətirib.
2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı İlham Əliyevlə Nikol Paşinyan arasında ilk söhbət olub. Prezident və baş nazir təmas xəttində, eləcə də sərhəddə atəşkəs rejiminin möhkəmlənməsi barədə razılığa gəliblər.
MDB liderlərinin dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən zirvə toplantısında İlham Əliyevlə Nikol Paşinyan yenə görüşüblər. Onlar danışıqların davam etdirilməsi, atəşkəs rejiminin möhkəmləndirilməsi, əsir və girovların dəyişdirilməsi məsələlərini müzakirə ediblər.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün hərbi təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları), eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.