Məhbuslar Qiyas İbrahimov, Bayram Məmmədov, Əhsən Nuruzadə, İlkin Rüstəmzadə və Elçin İsmayıllı aclıq aksiyasını dayandırıblar. Bunu mediaya Qiyas İbrahimovun və İlkin Rüstəmzadənin valideynləri deyiblər.
Bayram Məmmədov, Əhsən Nuruzadə, İlkin Rüstəmzadə və Elçin İsmayıllı yanvarın 13-də aclıq elan etmişdilər. Bir qədər sonra isə Qiyas İbrahimovun da aksiyaya qoşulduğu açıqlanmışdı.
Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı ilin mayından həbsdədirlər, hər biri 10 il həbs cəzası alıb, sonradan Qiyasın cəzası 3 ay artırılıb.
Dini fəal Əhsən Nuruzadə 2017-ci ilin oktyabrından həbsdədir, 7 il həbs cəzası alıb.
Gənc fəal İlkin Rüstəmzadə 2013-cü ilin mayından həbsdədir, 8 il həbs cəzası alıb.
Jurnalist Elçin İsmayıllı 2017-ci ilin fevralından həbsdədir. 9 il həbs cəzası alıb, sonradan cəzası 7 ilə endirilib.
2017-ci il yanvarın 13-də sosial şəbəkədə Bayram Məmmədov, Əhsən Nuruzadə, İlkin Rüstəmzadə və Elçin İsmayıllının birgə müraciəti yayılıb. Müraciətdə ölkənin demokratik dünyadan hər gün bir az da uzaqlaşdığı, repressiyaların daha da artdığı vurğulanıb, bildirilib ki, həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlanan, öz kulminasiyasını bloqçu Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən bu proses Azərbaycanın artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.
Müraciətdə deyilir ki, Qərb təşkilatları da Azərbaycan hakimiyyəti ilə əlbirdir: “Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və Qərbin gurultulu insan haqları şüarları ilə başlanan bütün kampaniyaları həmişə bizi rüsvayçı qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib”.
“Bu gün birlik göstərməsək, Mehman Hüseynovun başına gətirilənlər sabah hamımızı gözləyir” deyən müraciət müəllifləri adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən başqa şəxslərə də çağırış etməklə müddətsiz aclığa başladıqlarını bildirib, ölkənin zülmətə qərq olmasına, repressiyalara etiraz etdiklərini diqqətə çatdırıblar.
Bu müraciətdən sonra daha bir neçə məhbusun aclığa qoşulduğu barədə məlumatlar yayılıb.
Penitensiar Xidmət belə məlumatların hamısını təkzib edərək heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmədiyini açıqlayıb.
Qeyri-rəsmi məlumatlara görə, aksiya başlananadan bir qədər sonra Əhsən Nuruzadə və Elçin İsmayıllı başqa cəzaçəkmə müəssisələrinə köçürülüblər.
Yanvarın 22-də Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov bir daha bildirib ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə yeni cinayət işi açılıb.
Müdafiəçiləri Mehman Hüseynovun həmin gündən quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyiblər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə bunu təkzib edib.
2019-cu il yanvarın 18-də bir qrup hüquq müdafiəçisi (Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev, Novella Cəfərovoğlu, Çingiz Qənizadə, Səidə Qocamanlı) prezident İlham Əliyevə müraciət Mehman Hüseynov barəsində mərhəmət göstərilməsini xahiş edib.
Yanvarın 20-də isə Mehman Hüseynov dövlət başçısına müraciət edib, prezidentin məsələyə müdaxilə etməsini, öz işinin ədalətlə araşdırılmasını istəyib.
Yanvarın 21-də prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov AZƏRTAC-a deyib ki, hüquq müdafiəçilərinin və Mehman Hüseynovun müraciətləri prezident İlham Əliyevin diqqətinə çatdırılıb, dövlət başçısı bu müraciətlərə dərhal reaksiya verib, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini baş prokurora tövsiyə edib.
Yanvarın 22-də Baş Prokurorluq Mehman Hüseynov barəsində 2018-ci ilin dekabrında açılmış cinayət işinin icraatına xitam verib.
Yanvarın 23-də Azadliqg.org-a açıqlamasında Qiyas İbrahimovun anası Şura Əmiraslanova deyib ki, aclıq edən məhbuslar həm onlara olan müraciətləri, həm də Mehman Hüseynova qarşı ötən ilin dekabrında açılmış cinayət işinin icraatına xitam verildiyini nəzərə alaraq aksiyanı dayandırıblar.