Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibənin mətni yayılıb. Müsahibədə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Jurnalistin “Sizin ölkəniz müəyyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmi” sualını cavablandıran dövlət başçısı deyib: “Mən əminəm ki, bu, iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində biz Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, torpaqlarımızın iyirmi faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq.
Özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.
Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza yoxdur: “Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Biz, əlbəttə, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin eyni zamanda daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik.
Biz o qədər də sabit olmayan bir regionda yaşayırıq. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Biz yeni münaqişə mənbələrini, yeni risk mənbələrini görürük. Buna görə də bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır. Bunun üçün biz daxildə güclü olmalıyıq. Bunun üçün bizim qonşularımızla yaxşı münasibətlərimiz olmalıdır və bizim belə münasibətlərimiz var. Həmçinin dünyanın aparıcı mərkəzləri ilə də yaxşı münasibətlərimiz olmalıdır”.