Məhbus jurnalist Əfqan Muxtarlı Ədliyyə Nazirliyindən, insan hüquqlarının qorunması ilə məşğul olan QHT-lərdən, beynəlxalq təşkilatlardan, həmçinin xarici dövlətlərin Azərbaycandakı səfirliklərindən Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq aparılmasını xahiş edir.
Novator.az-ın məlumatına görə, jurnalistin bununla bağlı müraciətini həyat yoldaşı Leyla Mustafayeva “Facebook” şəbəkəsində ictimailəşdirib.
Müraciətində Əfqan Muxtarlı vurğulayıb ki, 10 gündən artıqdır onu cəzaçəkmə müəssisəsində təxribata çəkirlər.
Məhbus jurnalist düşünür ki, məqsəd təzyiqlərə etiraz bildirməsinə nail olmaq və bundan sui-istifadə edib ona yeni cinayət işi qaldırmaqdır.
Əfqan Muxtarlının sözlərinə görə, cəzaçəkmə müəssisəsi rəhbərliyində belə bir fikir formalaşıb ki, siyasi məhbuslara təzyiq edənlərin rütbələri və vəzifələri artırılır.
Müraciətində Əfqan Muxtarlı konkret adlar da çəkib.
Xəstələr üçün istirahət otağından çıxarıldığını qeyd edən məhbus jurnalist verilən yeməklərin keyfiyyətindən də şikayətlənərək qida problemi olduğunu vurğulayıb.
Son günlər ikinci dəfədir Leyla Mustafayeva Əfqan Muxtarlının şikayətini açıqlayır.
Ədliyyə Nazirliyinə, QHT-lərə, beynəlxalq təşkilatlara, səfirliklərə müraciətdən az əvvəl Leyla Mustafayeva Əfqanın ona zəng etdiyini və telefon söhbətində bəzi narahatlıqlarını ifadə etdiyini bildirmişdi.
O qeyd etmişdi ki, Əfqan 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərin artmasından şikayətçidir və təcili vəkilləri ilə görüşmək istəyir.
Leyla Mustafayevanın sözlərinə görə, Əfqan Muxtarlı telefon söhbətində deyib ki, ona yemək, dərman gətirən siyasətçi Samir Əsədliyə zəng etməyi yasaqlayıblar. Bundan başqa ad günündə (2019-cu il yanvarın 9-da Əfqan Muxtarlının 45 yaşı tamam olub) ona göndərilən 200-dək təbrik məktubu və açıqcanı, həmçinin iki kitabı cəzaçəkmə müəssisəsində ona verməkdən imtina ediblər. Onu xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.
Jurnalist telefon söhbətində həyat yoldaşına həmçinin deyib ki, o, cəzaçəkmə müəssisəsində sifarişlə suvenir gəmilər düzəltdirib dostlarına göndərirmiş, amma müəssisə rəhbərliyi suvenir düzəldən məhbuslara təzyiq edib, nəticədə onlar sifarişdən imtina edərək suvenirlər üçün aldıqları pulu geri qaytarıblar.
Leyla Mustafayeva telefon söhbətini ictimailəşdirəndə də vurğulamışdı ki, Əfqan Muxtarlı təxribata çəkildiyini deyir və ehtimal edir ki, bunun kökündə ona əlavə cinayət işi açmaq üçün süni əsas yaradılması məqsədi durur.
Penitensiar Xidmət hələ ki, bu açıqlamalara münasibət bildirməyib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.