Yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət zamanı baş vermiş insidentə görə tutulanların sayı dəqiq bilinmir. Amma onların bir çoxunun adı artıq bəllidir.
İnsident müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət etmək istərkən baş verib. Milli Şuranın liderlərindən olan AXCP sədi Əli Kərimli iddia edir ki, polis onun böyük dəstə ilə xiyabanı ziyarət etməsinin qarşısını almağa çalışıb.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov isə iddia edir ki, yanvarın 19-u Demokratik Qüvvələrin Milli Şurasının Bakıda keçirdiyi mitinqdə asayişi pozmağa cəhd edən şəxslər ertəsi gün Şəhidlər xiyabanını ziyarət zamanı qarşıdurma yaradaraq ictimai asayişi pozublar.
Müxtəlif mənbələrin yaydığı məlumatlarda 20 Yanvar faciəsinin ildönümü günü baş vermiş insidentə görə məhkəmənin qərarı ilə Ayaz Məhərrəmova 25 sutka, Ramin Əhmədova 22 sutka, İlqar Quliyev və İsrafil Ələkbərzadənin hər birinə 21 sutlka, Bəxtiyar İmanov, Ruslan Əmirov və Coşqun Cəfərovun hər birinə 20 sutka, Həsənəli Baxşəliyevə 10 sutka inzibati həbs cəzası verildiyi bildirilir.
Məlumatlara görə, Ramin Əhmədov və Amil Məmmədzadə 200 manat cərimələndikdən sonra sərbəst buraxılıblar.
Adıçəkilən fəalların çoxu AXCP üzvləridir.