Müxalif Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirdi.
Tarixçi professor Cəmil Həsənlinin sədrlik etdiyi Milli Şuranın liderlərindən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. Əli Kərimli 19 yanvar mitinqində bəyan etdi ki, Milli Şura ayın 26-da da mitinq keçirəcək.
19 yanvar mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə keçirilmişdi. 26 yanvar mitinqi ilə bağlı meriyaya müraciət edilibmi?
AXCP-dən Novator.az-a bildiriblər ki, 26 yanvar mitinqi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə yanvarın 18-də göndərilib, hazırda təşkilatçılar meriyadan cavab gözləyirlər.
Bu arada Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov mitinqə icazə verilməməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağını açıqlayıb.
Yanvarın 22-si “Report”a müsahibəsində general-mayor Mirqafar Seyidov Milli Şuranın yaxın günlərdə yenidən mitinq keçirmək istəyi ilə bağlı sualı belə cavablandırıb: “Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracam”.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vurğulayıb ki, AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq, reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar: “Hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında guya mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaq.
Bu gün paytaxtda həyata keçirdiyimiz qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır. Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən Əli Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcək”.
Mirqafar Seyidovun açıqlamasını Meydan.tv-yə şərh edən hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycan Konstitusiyasına əsasən, hər kəsin sərbəst toplaşmaq hüququ var: “Əgər söhbət sərbəst toplaşmaq hüququndan, dinc aksiyadan gedirsə, siyasi partiyalar da dövlət qeydiyyatından keçiblərsə, onlar hər hansı terror və sair hərəkətlərə qoşulmadığı halda təşkilatların ictimai asayişi pozacaq davranışı olacağını düşünmək yersizdir”.
Ələsgər Məmmədlinin sözlərinə görə, güc strukturları müraciətlər zamanı kriminogen vəziyyət, baş verə biləcək və ya ola biləcək durumu araşdırır, buna uyğun şəkildə də müvafiq qurumlara raport hazırlayır: “Bu zaman güc strukturları obyektiv olmalıdır. Əməliyyat məlumatları varsa, onları ictimaiyyətə də təqdim etməlidir, sadəcə, “biz uyğun görmürük” demək, hüququ məhdudlaşdırmaq üçün yetərli deyil.
Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Konvensiyanın 11-ci maddəsi bilavasitə birləşmək və sərbəst toplaşmaq azadlığını tənzimləyir. Dövlət qurumları, o cümlədən Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti birmənalı olaraq gəldikləri nəticəni demokratik cəmiyyət testində əsaslandırmalıdırlar ki, nəyə görə bir hüququn icrasının dayandırılmasını düşünürlər. Bunun hansı qanuni mənafeyə söykəndiyini açıq şəkildə cəmiyyətə inandırmalıdırlar”.
Ələsgər Məmmədli Bakı Şəhər Baş Polis İdarəsi rəisinin asayişin pozulması barədə fikirlərini belə şərh edib: “Asayişi pozmaq niyyəti qeyri-müəyyən ifadədir. Dinc aksiya keçirib, Azərbaycan bayrağını dalğalandırıb, şüar səsləndirmək asayişin pozulması deyil. Asayişin pozulması qırıb dağıtmaq, xalqın malına, mülkinə zərər vermək, silahlı çağırış etmək və sairdir”.