“Biz Azərbaycanda bloqçu Mehman Hüseynovun aclıq etməsindən həddindən artıq narahatıq. Onun işini diqqətlə izləyirik və hakimiyyəti onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq. Bütün digər siyasi məhbusları da dərhal azad etməyə çağırırıq”.
“Turan”ın məlumatına görə, bu sözləri yanvarın 21-i Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında assambleyanın Monitorinq Komitəsinin məruzəçisi Stefan Şennak deyib.
Elə həmin gün gün AŞPA-nın binasında Şennakın iştirakı ilə Mehman Hüseynovun işi üzrə dinləmə keçirilib. Dinləmədə iştirakçılar rəsmi Bakını fərqli düşünənləri təqib etməkdə, vətəndaşların hüquq və azadlıqlarını pozmaqda qınayıblar. Onlar hakimiyyəti Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə, siyasi məhbuslar problemini həll etməyə çağırıblar.
Müzakirələrin iştirakçısı, bloqçunun qardaşı Emin Hüseynov “Turan” agentliyinə bildirib ki, hakimiyyət öz vətəndaşlarına qarşı repressiyalara son qoymalıdır.
Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.
2019-cu il yanvarın 18-də bir qrup hüquq müdafiəçisi (Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev, Novella Cəfərovoğlu, Çingiz Qənizadə, Səidə Qocamanlı) Mehman Hüseynovla əlaqədar prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradıldığı, yalan məlumatlar yayıldığı, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyi qeyd olunub, dövlət başçısından Mehman Hüseynov barəsində mərhəmət göstərilməsi xahiş olunub.
Yanvarın 20-də isə Mehman Hüseynov dövlət başçısına müraciət edib. O, müraciətində bildirib ki, 2 ilə yaxındır cəza çəkir, bu müddətdə cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə onun arasında hər hansı xoşagəlməz hadisə olmayıb: “Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il dekabrın 26-da cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırıldım. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
Martın 2-də mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən kiminsə hərəkətinə görə məsuliyyət daşımıram, kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır: azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Əminəm ki, Sizin müdaxiləniz olsa, mənim işim üzrə qərar ədalətli olacaq”.
Yanvarın 21-də prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov AZƏRTAC-a deyib ki, hüquq müdafiəçilərinin və Mehman Hüseynovun müraciətləri prezident İlham Əliyevin diqqətinə çatdırılıb, dövlət başçısı bu müraciətlərə dərhal reaksiya verib: “Möhtərəm prezident məhkumun gənc olmasını, artıq 2 ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini baş prokurora tövsiyə edib. Eyni zamanda cənab prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılıb”.
Mehman Hüseynovun anası Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.