Novator.az Dövlət Statistika Komitəsinin rəsmi hesabatındakı səhiyyə və elm-təhsil göstəricilərinə nəzər salıb.
Hesabata görə, 2019-ci ilin əvvəlinə ölkədə 32,3 min həkim və 53,8 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1740 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərib və əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 55 orta tibb işçisi düşüb.
15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-nin ali, orta ixtisas və orta təhsili var. 2019-cu il yanvarın 1-nə ölkədə fəaliyyət göstərən 1680 dövlət və 105 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 124 mindən çox uşaq tərbiyə alıb.
2018-2019-cu tədris ilinin əvvəlinə şagirdlərinin sayı 56,2 min nəfər olan 110 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. 56 orta ixtisas təhsil müəssisəsində 51,7 min tələbə təhsil alıb.
Bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə də 27 elmi təşkilatda təhsil alanların sayı 176,7 min nəfər olub.
Ölkənin ali təhsil müəssisələrində 72 xarici ölkədən 4862 tələbə də təhsil alır.
2018-2019-cu tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 751 nəfər təşkil edib.
2019-cu ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 137 elmi təşkilat və müəssisə fəaliyyət göstərib. Bu elm ocaqlarında 20,6 mindən artıq mütəxəssis məşğul olur. Mütəxəssislərin 37,2 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.
Hazırda Milli Elmlər Akademiyasının 71 həqiqi və 110 müxbir üzvünün olduğu bildirilir.