Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin işi üzrə məhkəmə davam edir.
Yanvarın 22-si Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi keçirilən növbəti prosesə Bastainfo.com saytının əməkdaşları Heybət Əmrah, Könül Alı və Rüfət Baxışbəyli şahid qismində ifadə veriblər.
Mustafa Hacıbəylinin vəkili Osman Kazımov isə cinayət təqibinə səbəb olmuş, Bastainfo.com-da dərc edilmiş iki məqaləni məhkəmənin diqqətinə çatdırıb. Vəkil həmin məqalələrdə dövlət əleyhinə heç bir çağırış olmadığını vurğulayıb. Belə məqalələrə görə cinayət işi qaldırılmasını absurd sayan vəkil məhkəmə prosesində iştirak edən dövlət ittihamçısı Anar Tarıverdiyevdən məqalələrdə qanun pozuntusuna yol verildiyinə dair sübutlar təqdim etməsini istəyib.
Dövlət ittihamçısı sübutların ittiham aktında əks olunduğunu deməklə kifayətlənib.
Anar Tarıverdiyev şahidlərə verdiyi suallarda həmin məqalələri sayta məhz Mustafa Hacıbəylinin yerləşdirdiyini sübut etməyə çalışıb. Mustafa Hacıbəyli bu suallara etiraz edib: “İstintaqa çağırıldığım gündən bildirmişəm ki, həmin məqalələri sayta mən qoymuşam. Şahidlərə bu barədə suallar verilməsi yersizdir”.
Məhkəmə prosesi yanvarın 29-da davam etdiriləcək.
22 yanvar prosesini Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, bir sıra müsavatçılar, ictimai fəallar və jurnalistlər izləyib.
Mustafa Hacıbəyli dövlət əleyhinə çağırışlarda, vəzifə səlahiyyətlərini aşmaqda və vəzifə saxtakarlığında ittiham olunur. İttihamları 2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu irəli sürüb. Dekabr ayının sonunda Mustafa Hacıbəyli polis nəzarətinə götürülüb.
Ötən il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq 2018-ci il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
Açıqlamada Bastainfo.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
1972-ci il təvəllüdlü Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokrat” qəzetinin baş redaktoru olub. Bastainfo.com saytını 2015-ci ildə yaradıb.
Mustafa Hacıbəyli Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşıdır.