Azadlıqdakı aclıq dayandırıldı
- 22 Yanvar 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
İlin əvvəllərindən Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçirilən aclıq aksiyası dayandırılıb.
Aksiya bloqçu Mehman Hüseynova və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərə azadlıq tələbi ilə keçrilirdi.
Aksiyada müxtəlif siyasətçilər, ictimai fəallar və məhbus ailələrinin üzvləri iştirak ediblər. Onlar növbəli şəkildə aclıq ediblər.
Aksiya yanvarın 21-i axşam dayandırılıb. Həmin vaxt aksiyada üç nəfər iştirak edirdi: cəbhəçi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov, cəbhəçi məhbus Orxan Baxışlının atası Rafiq Baxışov və Respublikaçı Alternativ Partiyasının üzvü Füzuli Hüseynov.
Zəfər Əhmədli “Azadlıq” radiosuna deyib ki, aksiyanın dayandırılması üçün Xalq Cəbhəsi və Müsavat partiyalarının rəhbərlərindən, xeyli vətəndaşdan müraciətlər alıblar: “Üstəlik, məhbus bloqçu Mehman Hüseynov barəsində ötən ilin dekabrında açılmış cinayət işinə xitam veriləcəyi gözlənirdi və ertəsi gün bu baş verdi. Yəni məqsədlərdən birinə qismən nail olundu”.
Zəfər Əhmədli bildirib ki, cəzaçəkmə müəssisələrində aclıq aksiyası keçirən fəalların da aksiyanı dayandırmalarından ötrü müraciət edəcəklər.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyiblər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayıb.
2019-cu il yanvarın 18-də bir qrup hüquq müdafiəçisi (Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev, Novella Cəfərovoğlu, Çingiz Qənizadə, Səidə Qocamanlı) Mehman Hüseynovla əlaqədar prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradıldığı, yalan məlumatlar yayıldığı, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyi qeyd olunub, dövlət başçısından Mehman Hüseynov barəsində mərhəmət göstərilməsi xahiş olunub.
Yanvarın 20-də isə Mehman Hüseynov dövlət başçısına müraciət edib. O, müraciətində bildirib ki, 2 ilə yaxındır cəza çəkir, bu müddətdə cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə onun arasında hər hansı xoşagəlməz hadisə olmayıb: “Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il dekabrın 26-da cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırıldım. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
Martın 2-də mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən kiminsə hərəkətinə görə məsuliyyət daşımıram, kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır: azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Əminəm ki, Sizin müdaxiləniz olsa, mənim işim üzrə qərar ədalətli olacaq”.
Yanvarın 21-də prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov AZƏRTAC-a deyib ki, hüquq müdafiəçilərinin və Mehman Hüseynovun müraciətləri prezident İlham Əliyevin diqqətinə çatdırılıb, dövlət başçısı bu müraciətlərə dərhal reaksiya verib: “Möhtərəm prezident məhkumun gənc olmasını, artıq 2 ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini baş prokurora tövsiyə edib. Eyni zamanda cənab prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılıb”.
Mehman Hüseynovun anası Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.
Yanvarın 22-də Baş Prokurorluq Mehman Hüseynov barəsində 2018-ci ilin dekabrında açılmış cinayət işinin icraatına xitam verildiyini bəyan edib. Baş Prokurorluğun bununla bağlı açıqlamasında deyilir: “Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
Prezident İlham Əliyev ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və baş prokurora cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib.
Baş prokuror istintaq orqanına Mehman Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verib. İstintaq orqanı Mehman Hüseynovun gənc olduğunu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyini, islah olunma yoluna qədəm qoyduğunu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğunu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğunu, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alaraq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verib”.
Yanvarın 13-də jurnalist Xədicə İsmayıl sosial şəbəkədə dörd məhbusun – İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadənin birgə müraciətini yayıb.
Gənc fəal İlkin Rüstəmzadə 2013-cü ilin mayından həbsdədir, 8 il həbs cəzası alıb.
Gənc fəal Bayram Məmmədov 2016-cı ilin mayından həbsdədir, 10 il həbs cəzası alıb.
Jurnalist Elçin İsmayıllı 2017-ci ilin fevralından həbsdədir. 9 il həbs cəzası alıb, sonradan cəzası 7 ilə endirilib.
Dini fəal Əhsən Nuruzadə 2017-ci ilin oktyabrından həbsdədir, 7 il həbs cəzası alıb.
Adıçəkilən dörd məhbusun müraciətində ölkənin demokratik dünyadan hər gün bir az da uzaqlaşdığı, repressiyaların daha da artdığı vurğulanıb, bildirilib ki, həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlanan, öz kulminasiyasını bloqçu Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən bu proses Azərbaycanın artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.
Müraciətdə deyilir ki, Qərb təşkilatları da Azərbaycan hakimiyyəti ilə əlbirdir: “Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və Qərbin gurultulu insan haqları şüarları ilə başlanan bütün kampaniyaları həmişə bizi rüsvayçı qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib”.
“Bu gün birlik göstərməsək, Mehman Hüseynovun başına gətirilənlər sabah hamımızı gözləyir” deyən müraciət müəllifləri adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən başqa şəxslərə də çağırış etməklə müddətsiz aclığa başladıqlarını bildirib, ölkənin zülmətə qərq olmasına, repressiyalara etiraz etdiklərini diqqətə çatdırıblar.
Bu müraciətdən sonra daha bir neçə məhbusun aclığa qoşulduğu barədə məlumatlar yayılıb.
Penitensiar Xidmət belə məlumatların hamısını təkzib edərək heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmədiyini açıqlayıb.
Qeyri-rəsmi məlumatlara görə, aksiya başlananadan bir qədər sonra Əhsən Nuruzadə və Elçin İsmayıllı başqa cəzaçəkmə müəssisələrinə köçürülüblər.
Yavarın 22-də məhbus valideynlərinə istinadla yayılan məlumatlarda vurğulanıb ki, İlkin Rüstəmzadə və Bayram Məmmədov aclıq aksiyasını davam etdirirlər. Əhsən Nuruzadənin də aclığı davam etdirdiyi qeyd olunub, Elçin İsmayıllı haqda isə hələlik məlumat olmadığı bildirilib.
Yanvarın 22-də Report.az-a danışan Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə bir daha vurğulayıb ki, hazırda qurumun tabeçiliyində olan istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində heç bir məhkum və həbs edilmiş şəxs aclıq aksiyası keçirmir.