Məhbus jurnalist Əfqan Muxtarlı ona yeni cinayət işinin qaldırılacağından narahatdır.
Novator.az-ın məlumatına görə, jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Əfqanın ona zəng etdiyini və telefon söhbətində bəzi narahatlıqlarını ifadə etdiyini açıqlayıb.
Leyla Mustafayeva yanvarın 22-si özünün “Facebook ” səhifəsində yazıb ki, Əfqan Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində ona təzyiqlərin artmasından şikayətlənib, təcili vəkilləri ilə görüşmək istədiyini deyib.
Əfqan Muxtarlı bildirib ki, ona yeməyi, dərmanları siyasətçi Samir Əsədli gətirir. Məhbus jurnalistin sözlərinə görə, onun Samir Əsədliyə zəng etməsini yasaqlayıblar. Bundan başqa ad günündə (2019-cu il yanvarın 9-da Əfqan Muxtarlının 45 yaşı tamam olub) ona göndərilən 200-dək təbrik məktubu və açıqcanı, həmçinin iki kitabı cəzaçəkmə müəssisəsində ona verməkdən imtina ediblər. Onu xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.
“Bir həftədən çoxdur məni təxribata çəkirlər” deyən Əfqan Muxtarlı ehtimal edir ki, bunun kökündə ona əlavə cinayət işi açmaq üçün süni əsas yaradılması məqsədi dura bilər.
Jurnalist deyib ki, o, cəzaçəkmə müəssisəsində sifarişlə suvenir gəmilər düzəltdirib dostlarına göndərirmiş, amma müəssisə rəhbərliyi suvenir düzəldən məhbuslara təzyiq edib, nəticədə onlar sifarişdən imtina edərək suvenirlər üçün aldıqları pulu geri qaytarıblar.
Penitensiar Xidmət hələ ki, bu açıqlamaya münasibət bildirməyib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.