Prezident İlham Əliyev məhbus bloqçu Mehman Hüseynovla bağlı baş prokuror Zakir Qaralova tövsiyə verib. Bunu AZƏRTAC-a prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib.
Fuad Ələsgərov bildirib ki, Mehman Hüseynov yanvarın 20-də ölkə prezidentinə müraciət edib. Bundan öncə, yanvarın 18-də bir qrup hüquq müdafiəçisi də Mehman Hüseynovun məsələsi ilə əlaqədar prezidentə müraciət ünvanlayıb: “Müraciətlər dövlət başçısının diqqətinə çatdırılıb və cənab prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm prezident məhkumun gənc olmasını, artıq 2 ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini baş prokurora tövsiyə edib. Eyni zamanda cənab prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Mehman Hüseynovla bağlı əvvəllər də humanist yanaşmanın şahidi olmuşuq. Belə ki, o, cəza çəkdiyi müddətdə ağır xəstəlikdən sonra vəfat etmiş anasının yas mərasimində iştirak etməyə buraxılıb”.
Fuad Ələsgərov vurğulayıb ki, prezident İlham Əliyev hər zaman bu cür müraciətlərə həssaslıqla yanaşır, öz fəaliyyətində daim ədalət və humanizm prinsiplərini rəhbər tutur və bütün dövlət məmurlarından da eyni yanaşmanı tələb edir.
Mehman Hüseynov yanvarın 20-də dövlət başçısına müraciətində bildirib ki, 2 ilə yaxındır cəza çəkir, bu müddətdə cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə onun arasında hər hansı xoşagəlməz hadisə olmayıb: “Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il dekabrın 26-da cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırıldım. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
Martın 2-də mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən kiminsə hərəkətinə görə məsuliyyət daşımıram, kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır: azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Əminəm ki, Sizin müdaxiləniz olsa, mənim işim üzrə qərar ədalətli olacaq”.
Fuad Ələsgərovun sözlərinə görə, bir qrup hüquq müdafiəçisinin (Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev, Novella Cəfərovoğlu, Çingiz Qənizadə, Səidə Qocamanlı – red.) yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar prezidentə ünvanladığı müraciətdə baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradıldığı, yalan məlumatlar yayıldığı, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyi qeyd olunub, dövlət başçısından Mehman Hüseynov barəsində mərhəmət göstərilməsi xahiş olunub.
Mehman Hüseynov 2017-ci ilin martında polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Mehman Hüseynovun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Onların anaları Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.