Demokratik Qüvvələrin Milli Şurasının mitinqi ərəfəsində Xalq Cəbhəsi Partiyasının 8, Müsavat Partiyasının 1 üzvü inzibati həbsə məhkum edilib.
Müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının mitinqi yanvarın 19-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) olub.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Şuranın liderlərindən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.
Bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələbi ilə keçirilən, Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı 19 yanvar mitinqində Milli Şuranın üzvü olmayan Müsavat və Respublikaçı Alternativ partiyalarının təmsilçiləri də iştirak ediblər.
“Amerikanın səsi” xəbər verir ki, mitinq ərəfəsində – 6 gün ərzində AXCP Nizami rayon şöbəsinin sədri Paşa Umudovla Sabunçu rayon şöbəsinin fəalı Namiq Abbasəliyevin hər biri 30 sutka, Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov 23 sutka, Saatlı rayon şöbəsinin fəalı Kamran Əmirov 17 sutka inzibati həbsə məhkum edilib.
Bu şəxslərin isə hər biri 20 sutka həbs cəzası alıb: AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov, Gənclər Komitəsi İdarə Heyətinin üzvü Nicat Nizamov, AXCP Ali Məclisinin üzvü Nicat Abdullayev, AXCP Rəyasət Heyətinin üzvü Saqif Qurbanov.
Müsavat Partiyası Gənclər Komitəsinin üzvü Elman Quliyev yanvarın 18-i axşam tutulub və 15 sutka inzibati həbsə məhkum edilib.
Adıçəkilən şəxslərin hamısının mitinqə görə tutulduğu iddia olunur. Rəsmi qurumlar bu həbslər barədə hələ məlumat yaymayıb.