Report.az-ın məlumatına görə, məhbus bloqçu Mehman Hüseynov prezident İlham Əliyevə müraciət edib.
Yanvarın 20-də imzalandığı bildirilən müraciətdə deyilir: “Hörmətli cənab prezident. Mən 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il dekabrın 26-da cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırıldım. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
Martın 2-də mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən kiminsə hərəkətinə görə məsuliyyət daşımıram, kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır: azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Əminəm ki, Sizin müdaxiləniz olsa, mənim işim üzrə qərar ədalətli olacaq”.
Mehman Hüseynov 2017-ci ilin martında polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Mehman Hüseynovun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Onların anaları Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.