Yanvarın 19-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yanı) mitinq keçirilib.
Mitinq müxalifətin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsü ilə baş tutub.
Demokratik Qüvvələrin Milli Şurasına tarixçi professor Cəmil Həsənli sədrlik edir. Şuranın liderlərindən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.
19 yanvar mitinqi bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələbi ilə keçirilib.
Aksiyada Demokratik Qüvvələrin Milli Şurasının üzvü olmayan Müsavat və Respublikaçı Alternativ partiyalarının təmsilçiləri də iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin sanksiyalaşdırdığı aksiya saat 15-dən 17-dək davam edib.
Mitinq iştirakçılarının əllərində “Mehman Hüseynova azadlıq”, “Siyasi məhbuslara azadlıq”, “Bu vətən bizimdir”, “Biz qalib gələcəyik” və başqa şüarlar yazılmış plakatlar olub.
Aksiyada tez-tez “Azadlıq!”, “Mehman Hüseynova azadlıq!” şüarları səsləndirilib.
Müxalifətin İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirdiyi əvvəlki aksiyalarda olduğu kimi 19 yanvar mitinqi zamanı da ərazidə internetə qoşulma imkanı məhdudlaşıb.
Mitinqi Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü İlham Hüseyn aparıb.
Aksiyada Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Müsavat Divanının üzvü Tofiq Yaqublu, sabiq daxili işlər naziri İsgəndər Həmidov və başqaları çıxış ediblər.
Aksiyanın sonunda qətnamə qəbul olunub.
Qətnamədə siyasi məhbusların azad edilməsi, ölkədə korrupsiyaya son qoyulması, 19 yanvar aksiyası ərəfəsində tutulan şəxslərin sərbəst buraxılması, cərimə edilənlərin isə cərimələrinin ləğv olunması kimi tələblər yer alır.
Əli Kərimlinin dediyinə görə, mitinq ərəfəsində aksiyanı təşkil etməklə məşğul olan xeyli adam – ümumilikdə 100-ə yaxın fəal saxlanıb, onların bir qismi hələ də sərbəst buraxılmayıb.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin yaydığı məlumata görə, 19 yanvar mitinqində ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halı qeydə alınmayıb.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.
2019-cu ilin əvvəllərindən Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında Mehman Hüseynova və adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən digər məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası başlayıb. Hazırda davam edən bu aksiya çərçivəsində müxtəlif siyasətçilər, ictimai fəallar və məhbus ailələrinin üzvləri növbəli şəkildə aclıq edirlər.
Yanvarın ikinci ongünlüyündə bir neçə məhbusun da aclığa başladığı barədə məlumatlar yayılıb. Penitensiar Xidmət bu məlumatları təkzib edərək heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmədiyini açıqlayıb.
Yanvarın 3-də və 6-da Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə sanksiyalaşdırılmamış aksiyalar keçirilib. Bu aksiyalara görə bir neçə nəfərə sutkalıq həbs və cərimə cəzaları verilib.