Çətin günlər idi… Üç tərəfdən düşmən əhatəsində olan, həmin dövrdə tənha adanı xatırladan Naxçıvan təhlükə ilə üz-üzə qalmışdı.
1990-cı il yanvarın 18-də ermənilər Sədərək kəndinin 8-10 kilometrliyində yerləşən Kərki kəndini işğal etdilər, yanvarın 19-na keçən gecə isə Sədərəyə hücuma keçdilər. Həmin günlərdə Kərkini itirsək də, ümidimizi, inamımızı itirmədik. Əksinə, düşmənə qarşı nifrətimiz, onu məhv etmək, yer üzündən silmək arzumuz daha da şiddətləndi.
Türk tayfası kərkililərin adı ilə bağlı olan Kərki kəndinin ərazisi 960 hektardır. Arpaçayın sahilində yerləşən bu kəndin adı 1728-ci il tarixli “İrəvan quberniyasının müfəssəl dəftəri”ndə “Kərkiçik” adı ilə qeydə alınıb. “Kərki” toponiminə ölkəmizdə və türkdilli xalqların yaşadıqları ərazilərdə də rast gəlmək olur. Qədim yurd yerimiz olan Qarabağ torpağında Kərkicahan qəsəbəsi, Qərbi Azərbaycanın Göyçə mahalında Kərkibaşı kəndi, Türkmənistanda Kərki rayonu və şəhəri, Kərkiçi dəmiryol stansiyası, Kərkidağ toponimi də bu tayfa adından qaynaqlanıb. Bütün bunlar onu göstərir ki, yaşayış məntəqəsi tarixən azərbaycanlıların məskunlaşdığı yurd yeri olub.
Kərki hadisələri əslində 1988-ci ildə başlanıb, 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşdi. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. İki il ərzində Kərki dəfələrlə atəşə tutuldu. Köhnə Kərki, O tay, Sənəm zağası, kəndin girəcəyindəki Şırran körpüsü tərəfdən atışmalar daha intensiv xarakter aldı.
Hadisələrin canlı şahidlərinin sözlərinə görə, yanvarın 18-də kənd səhər saat 4 radələrindən şiddətli atəşə tutuldu. 30 nəfərədək Kərki sakini və Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə yaşayış yerini tərk etməli oldular. Hər qarışında bir neçə minilliyin tarixini yaşadan qədim oğuz yurdu beləcə ermənilərin əlinə keçdi.
Kərkini ələ keçirən düşmən düşünürdü ki, Sədərəyi də qısa zamanda işğal edə biləcək. Buna görə də yanvarın 18-dən 19-na keçən gecə Sədərəyi ağır artilleriya atəşinə tutmağa başladılar. Əslində hədəf təkcə Sədərək deyildi, düşmənin məqsədi muxtar respublikanı işğal etmək idi. Ermənistandakı Sovet Ordusunun silahları ilə başdan-ayağa silahlandırılmış ermənilərin planına görə, onlar yanvarın 19-da Sədərəkdə müqaviməti qırdıqdan sonra hücumu davam etdirib muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə çatacaq və qədim diyarı işğal etmələri münasibətilə bayram şənlikləri keçirəcəkdilər. Lakin vətənpərvər oğullarımız ermənilərin bu çirkin niyyətlərini ürəklərində qoydular. Sədərəyə hücum xəbəri ildırım sürəti ilə muxtar respublikaya yayıldıqdan qısa vaxt sonra əli silah tutan hər bir muxtar respublika sakini yumruq kimi birləşərək yurdumuzun müdafiəsinə qalxdı. Düşmən Sədərəkdə çox güclü müqavimətə rast gəldi.
On dörd dəfə hücuma məruz qalan Sədərəyə ermənilər 300-ə yaxın top mərmisi atsalar da, bir addım belə irəliləyə bilmədilər. Düşmən ardıcıl artilleriya atəşi ilə burada 500-ə yaxın evi, məktəb binalarını, ictimai-inzibati və sosial obyektləri dağıdaraq əhalidə xof yaratmağa çalışdı. Buna baxmayaraq sədərəklilər evlərini tərk etmədilər, muxtar respublika sakinləri isə onlara gecə-gündüz lazımi dəstəyi göstərdilər. Sonda elə bir vəziyyət yarandı ki, ermənilər artıq Naxçıvanın döyüşçülərindən necə canlarını qurtarmaq barədə düşünməyə başladılar…
Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosu