Rusiyanın Xarici İşlər Nazirliyi yenidən Azərbaycanı qınayıb. Novator.az-ın məlumatına görə, yanvarın 18-də kütləvi informasiya vasitələri üçün verilən rəsmi açıqlamada bir daha bəzi Rusiya vətəndaşlarının Azərbaycana səfərinə əngəllər törədildiyi vurğulanır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 11-i Moskvada keçirdiyi brifinqdə erməni Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasından gileylənib: “Bu tip insidentlər geridə qoyduğumuz son bayram günlərində qeydə alınıb. Əvvəllər də belə hallar olub. Biz bu məsələni Azərbaycan tərəfi qarşısında qaldırmışıq, bildirmişik ki, bu, düzgün olmayan, pis ənənəyə çevrilib”.
Rəsmi Moskvanın sözçüsü 2018-ci ildə Rusiya vətəndaşlarının etnik mənşəyinə görə Azərbaycana buraxılmaması yönündə ən azı 16 halın qeydə alındığını vurğulayıb: “Rusiya vətəndaşları aeroportda saatlarla saxlanıb, sonra zorla ölkədən çıxarılıb, bunun rəsmi səbəbi isə bildirilməyib. Bu faktlar Rusiya vətəndaşlarının haqlarının kobud surətdə pozulmasıdır. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə belə halların qəbuledilməz olduğunu Azərbaycan tərəfinin diqqətinə çatdırıb. Biz vətəndaşları saxlamaq və ölkədən çıxarmaq təcrübəsinə son qoymağı tələb etmişik. Bu cür hallar iki ölkə arasında dostluq münasibətləri ilə bir araya sığmır. Azərbaycan rəhbərliyindən vəziyyətin düzələcəyi vədi almışıq. Buna çox ümid edirik”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın irada cavabı belə olub: “Rusiya Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan çox insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan silahlı qüvvələrinin 26 fevral 1992-ci ildə törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu ildə qəbul etdiyi 4 qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmin qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.
Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır, Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.
Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda Azərbaycanda rus dilində 340-dan çox tədris müəssisəsi var. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.
Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar bir dəfə də olsun qeyd edilən məsələlərlə bağlı şikayət etməyib. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.
İlk dəfə deyil Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”.
Rəsmi Bakının sözçüsü Mariya Zaxarovanın “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir” ifadəsini qətiyyətlə təkzib edib: “Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.
Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir”.
Rusiya Xarici İşlər Nazirliyinin 18 yanvar açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin həmin cavabına toxunulur, cavabın diplomatik etiketi aşan tonda olduğu vurğulanır. Qeyd edilir ki, məsələyə dəxli olmayan ümumi mülahizələr əvəzində rusiyalılarla bağlı insidentlərin dəqiq izahının verilməsi yaxşı olardı.
Rəsmi Moskva iddia edir ki, 2018-ci ilin may ayında 1941-1945-ci illər müharibəsinin 80 yaşlı veteranı Azərbaycana buraxılmayıb, 2017-ci ilin fevralında isə bir qadın 4 yaşlı oğlu ilə birgə saatlarla xüsusi yığnaqda saxlanıb.
Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Bakıdan Rusiya vətəndaşlarının səfərlərini Moskvadakı səfirliklə razılaşdırmaq barədə işarələrə aydınlıq gətirilməsini istəyir. Qeyd olunur ki, bu cür tələbin irəli sürülməsi Rusiya və Azərbaycan vətəndaşlarının qarşılıqlı vizasız səfərini nəzərdə tutan sazişə ziddir.