Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentinin Azərbaycanla bağlı dinləmələrinə və qəbul etdiyi qətnaməyə münasibət bildirib.
Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin 17 yanvar iclasında Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən məhbus bloqçu Mehman Hüseynovun işi müzakirə olunub. Müzakirələrin yekununda Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Qətnamədə məhbus bloqçu Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunması, ona qarşı bütün yeni ittihamlara xitam verilməsi tələb olunur.
Sənəddə jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, Araz Quliyevin, Əfqan Sadıqovun, bloqçu Rəşad Ramazanovun, fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Tofiq Həsənlinin, Elgiz Qəhrəmanın azadlığa buraxılması, jurnalist Xədicə İsmayıla qarşı təqiblərə son qoyulması çağırışları yer alır.
Rəsmi Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə qınayan və insan hüquqlarının təmin olunması sahəsində öhdəliklərə əməl etməyə çağıran qətnamənin lehinə 533, əleyhinə 28 deputat səs verib.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Qurumun ofisi Brüsseldə, Avropa Parlamenti isə Strasburqda yerləşir.
AZƏRTAC-a açıqlama verən Səməd Seyidov deyib ki, Azərbaycanla Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur: “Son illər Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir. Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir. Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər.
Son müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatlarının müzakirələri bir istiqamətdə təşkil olunub: Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir.
Bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir. Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən Milli Məclislə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək”.
Bir neçə il bundan əvvəl də Azərbaycanla Avropa Parlamenti arasında gərgin bir dövrün yaşandığını xatırladan komitə sədri deyib: “Həmin dövrdə Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qətnamə qəbul etdi. Azərbaycan da öz növbəsində hətta Avronest Parlament Assambleyasından çıxdı. Bu proses Azərbaycanla Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlandığı dövrdə gedirdi. Avropa Parlamentindəki anti-Azərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir qətnamə qəbul olunur. Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli qətnamələr qəbul edirlər”.