Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentinin 17 yanvar iclasında Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən məhbus bloqçu Mehman Hüseynovun işi müzakirə olunub. “Turan”ın məlumatına görə, iyirmiyə yaxın deputatın çıxış etdiyi iclasda Azərbaycan hakimiyyətinin uzun illərdir öz öhdəliklərinə məhəl qoymadığı, insan hüquqlarını və demokratiya normalarını kobud şəkildə pozduğu vurğulanıb.
Deputatlar şəxsi maraqlarına görə Azərbaycan hakimiyyətinin insan hüquqlarını pozmasına göz yuman, Azərbaycanın qaz mənbəyi kimi Avropa üçün əhəmiyyətini əsas gətirib rəsmi Bakını müdafiə edən lobbiçiləri tənqidə məruz qoyublar. Çıxışlarda Azərbaycan hakimiyyətinin ən yüksək qatı da daxil olmaqla insan hüquqlarının kobud şəkildə pozulmasında təqsirli bütün məmurlara sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
Çıxışlara yekun vuran Avropa İttifaqının ticarət komissarı Sesiliya Malmstrom deyib ki, Brüssel Azərbaycan hakimiyyəti ilə Mehman Hüseynovun işi üzrə daima dialoq aparır və onun dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir: “Mehman Hüseynova qarşı saxtalaşdırılmış yeni cinayət işi Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə ziddir. Biz Bakı ilə dialoqu davam etdiririk və bu ölkə ilə yeni saziş ətrafında danışıqlarımıza mütləq demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və ədalətli dövlət idarəçiliyinə dəstək bəndləri daxil ediləcək. Bu müddəalar çərçivəsində biz Azərbaycanın vətəndaş cəmiyyəti ilə əlaqə saxlayacağıq və fevralın 5-də məsləhətləşmələrimizi Bakıda davam etdirəcəyik”.
Komissar həmçinin qeyd edib ki, Avropa İttifaqının Bakı ofisi digər siyasi məhbusların işlərini də diqqət mərkəzində saxlayır.
“Turan” xəbər verir ki, müzakirələrin yekununda Avropa Parlamenti “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib.
Qətnamədə Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunması, ona qarşı bütün yeni ittihamlara xitam verilməsi tələb olunur.
Eyni zamanda sənəddə jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, Araz Quliyevin, Əfqan Sadıqovun, bloqçu Rəşad Ramazanovun, fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Tofiq Həsənlinin, Elgiz Qəhrəmanın azadlığa buraxılması, jurnalist Xədicə İsmayıla qarşı təqiblərə son qoyulması çağırışları yer alır.
Rəsmi Bakını insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasına görə qınayan və insan hüquqlarının təmin olunması sahəsində öhdəliklərə əməl etməyə çağıran bu qətnamənin lehinə 533, əleyhinə 28 deputat səs verib.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Qurumun ofisi Brüsseldə, Avropa Parlamenti isə Strasburqda yerləşir.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150-dən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.